Modern.az

Məktəb mafiyaları

Məktəb mafiyaları

Ölkə

14 Fevral 2015, 11:30

Təhsil sistemi bu gün bizim ən yaralı yerimiz olaraq qalmaqdadır. Qərarlar, sərəncamlar bir-birini əvəzləyir, ancaq müsbətə doğru heç nə dəyişmir. İslahatlar bir çox hallarda təhsilimizə nədənsə tərəqqi yox, tənəzzül gətirir. Müəllimin nüfuzu qalxmaq əvəzinə günü-gündən aşağı düşür. Bu gün istənilən valideyn müəllimi şagirdlərin gözü qarşısında təhqir edib alçalda bilər. Şagirdlər telefonla gizli çəkiliş aparıb ona elm öyrədən insanı sosial şəbəkələrdə şantaj edə bilər. Aidiyyatı orqanlar bu biabırçılığın qarşısını almaq üçün heç bir tədbir görmürlər. Əksinə, bir də görürsən neçə ilin təcrübəli müəllimi hansısa şagirdin, yaxud valideynin şantajının qurbanına çevrilir. İllərlə daşıdığı müqəddəs müəllim adından məhrum edilir.

Gəzən söz-söhbətlərdən şər-böhtan qaragüruhunun başında bir çox hallarda məktəb direktorlarının durduğu bəlli olur. Onların rəhbərliyi altında xüsusi təxribatçı mafioz dəstə yaradılır. Məktəbin son sinifləri hər il həmin dəstənin üzvləri olan üzüyola müəllimlərə həvalə olunur. Məqsəd artıq ali məktəbə hazırlaşan şagirdləri onların repititorluğuna verib külli miqdarda qazanc əldə etməkdir. Araşdırmalar göstərir ki, həmin müəllimlərin dərs saatları da başqaları ilə müqayisədə iki dəfə çoxdur. 

Şagirdləri haqqında danışılan repititorlara yönləndirmək üçün direktorların əlində bir neçə təsir vasitəsi var. Əvvəla, yuxarı sinif şagirdlərinin valideynləri vaxtaşırı məktəbə çağrılır, mafioz dəstədən olan müəllimlər ən yaxşı repititor kimi təriflənib onlara təqdim edilir və uşaqlarının bu müəllimlərin yanına hazırlığa göndərilməsi tövsiyə olunur.


Digər təsirli vasitələrdən biri də valideyn komitələridir. Valideyn komitələrinin sədrliyinə mütləq direktorları qane edən valideynlər irəli çəkilir. Onlar ətraflarında olan digər valideynlər arasında təbliğat işi aparır və direktorun dəstəsindən olan müəllimləri ən yaxşı repititor kimi təqdim edirlər. Bir qədər araşdırma aparan olsa  görər ki, bu cür təbliğat sayəsində əldəqayırma repititorların hazırlığında hər il 50-60 şagird olur. Bakı şəhərində repititorluq haqqının hər bir fənnə görə100 manat civarında olduğunu nəzərə alsaq, direktor qarışıq onların aylıq gəlirinin kəllə-çarxa çıxdığını görmək çətin deyil. Bu özü də biznesin bir növüdür, aylıq qazancdan dövlətə vergi ödənməlidir. Ödənirmi? Əgər bilən varsa, qoy desin.

Daha savadlı, daha qabiliyyətli müəllimlərin halal siniflərinin əlindən alınıb savadsız müəllimlərə verilməsində valideyn komitələrinin də xüsusi rolu var. Əgər müəllim etiraz edərsə, dərhal valideyn komitəsinin sədri hərəkətə keçir və şantaj silahı işə salınır. Bir neçə valideyn ələ alınır və onlar haqqı yeyilən müəllimi savadsızlıqda suçlayır, yaxud şərləyib biabır edirlər. İşini itirmək təhlükəsi qarşısında qalan həmin müəllim də müdafiəsiz qaldığından taleyi ilə razılaşmağa məcbur olur.

İndi Təhsil Nazirliyinin tövsiyəsi ilə müəllimlərin siniflərə təyinat almasında valideynlərin rəyi əsas götürülür. Bu, ilk baxışda çox cəlbedicidir. Demokratik görüntü yaradır. Ancaq əsl həqiqətdə isə direktorlar valideynlərdən təşkil olunan komitələrdən əksər halda təzyiq vasitəsi kimi istifadə edirlər. Hazırda vəziyyət elə bir həddə çatdırılıb ki, valideyn komitəsinin sədri istədiyi vaxt dərs gedə-gedə sinifə girə, dərsin gedişini poza və müəllimin ünvanına şagirdlərin gözü qarşısında təhqiramiz sözlər söyləyə bilərlər. Təbiidir ki, göstəriş direktorlar tərəfindən verildiyi üçün müəllim sındırılaraq çıxılmaz vəziyyətə salınır.

Müəllim seçiminə gəldikdə isə bir soruşan yoxdur ki, dərs ili başlamamış, müəllim sinifdə hələ özünü göstərməmiş valideynlər hansı haqla onları seçirlər?

Valideynlərin əksəriyyəti müasir təhsil sistemindəki yeniliklərdən və özəlliklərdən xəbərsizdir. Hətta bəzilərinin heç əməlli-başlı orta təhsili də yoxdur. Belə olan halda onlar müəllimi hansı kriteriyalar əsasında seçirlər? Əgər onlar dirijor çubuğu ilə siniflərə müəllim təyin edirlərsə, onda məktəb direktorları nəyə lazımdır... Belədə yaxşısı budur, orta məktəbləri elə valideyn komitələri idarə etsinlər.

Bir sözlə, məktəblərdə toplaşan, millətin gələcəyini şəxsi maraqlarına qurban verən mafioz dəstələri ləğv etmək vaxtı çatıb. Müəllimlərimizi, uşaqlarımızı məktəbə yad ünsürlərin cəngindən çıxarmasaq, onlar bizim təhsilimizin sabahını ağlar günə qoyacaqlar. Bu barədə düşünməyə dəyər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı