Modern.az

Rusiya Ermənistana seçim üçün vaxt verdi: dekabra qədər...

Rusiya Ermənistana seçim üçün vaxt verdi: dekabra qədər...

Ölkə

Bu gün, 12:34

Ermənistan bu ilin dekabrına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla bağlı ümumxalq referendumunun keçirilməsi məsələsində qərar verməlidir.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, dekabrda Aİİ dövlət başçılarının görüşündə İrəvanla bağlı mümkün növbəti addımlar müzakirə olunacaq.

“Əgər həmin vaxta qədər referendum keçirilməsi ilə bağlı çağırışa cavab verilməsə, liderlər müvafiq birgə addımları müəyyənləşdirərkən bunu nəzərə alacaqlar”, – deyə Rusiya XİN rəhbərinin müavini bildirib.

Qaluzin xatırladıb ki, mayın 29-da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Ermənistanın Avropaya inteqrasiya istiqamətindəki mövqeyi ilə bağlı birgə bəyanatında ölkədə Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaq məsələsi üzrə mümkün qədər qısa müddətdə ümumxalq referendumunun keçirilməsinin zəruriliyi qeyd olunub. Sənəddə konkret tarix göstərilməyib.

“Eyni zamanda artıq müəyyən edilib ki, bu məsələ dekabrda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında yenidən müzakirə olunacaq. Həmin vaxt dövlət başçılarına 2014-cü il mayın 29-da imzalanmış Aİİ haqqında müqavilənin Ermənistana münasibətdə qüvvəsinin dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim edilməlidir”, – Qaluzin vurğulayıb.

Xatırladaq ki, avqustun 7-də Qırğızıstanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında Aİ və Aİİ arasında seçimlə bağlı referendumun mənasız olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşlara mahiyyət etibarilə mövcud olmayan bir seçim təqdim ediləcək. Paşinyan Aİ-nin hazırda Ermənistan üçün alternativ olmadığını da etiraf edib.

Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Həmin ilin aprelində qanun prezident Vaaqn Xaçaturyan tərəfindən təsdiqlənib.

Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında İrəvanın Aİ və Aİİ-də iştirak məsələsində mümkün qədər tez qərar verməli olduğunu bildirib. O, hətta tərəflər arasında “mədəni şəkildə ayrılmağın” mümkünlüyünü qeyd edib və bu məsələ ilə bağlı referendum keçirilməsini təklif edib.

Ermənistan Baş naziri Nikol Paşinyan isə mayın 11-də jurnalistlərə açıqlamasında ölkəsinin Aİİ-nin tamhüquqlu üzvü olaraq qaldığını və referendumun yalnız “obyektiv zərurət” yarandığı halda keçirilə biləcəyini deyib.

Bundan sonra Rusiyanın baş nazir müavini Aleksey Overçuk Ermənistanın Aİ standartlarına keçidlə bağlı müəyyən işlər apardığını bildirib. Onun sözlərinə görə, ölkə texniki reqlamentlərə dəyişiklik etməyə başlasa, bu, Aİİ üçün müəyyən təhlükələr yarada bilər.

Mayın 29-da 2026-cı ildə Astanada keçirilən Aİİ sammitində üzv ölkələrin liderləri birgə bəyanat qəbul edərək Ermənistanda Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı mümkün qədər tez referendum keçirilməsinin vacibliyini bildiriblər.

Rusiya Prezidenti Vladimir Putin sammitdən sonra Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ÜDM-in 14 faizini itirə biləcəyini açıqlayıb.

Statistik məlumatlara əsasən, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı halda xarici ticarət dövriyyəsinin təxminən 40 faizini itirə bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?