“2 nəfər 5 ermənini qabağımıza salıb qoyun kimi qovmuşuq”

Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə “Borçalı” Cəmiyyətinin sədri, tanınmış həkim və siyasətçi Zəlimxan Məmmədli doğulub-böyüdüyü Borçalının Kosalı kəndi və oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:
Zəlimxan Məmmədli o yerləri, o illəri belə xatırlayır:
Mənim kəndim, mənim torpağım...
- Borçalı eli, onun Qarayazı bölgəsi qədim tarixə malik, 3 min ildən çoxdur türklərin məskunlaşdığı diyardır. Öz ənənələri, folkloru, insan tipi olan bir diyarda dünyaya gəlmək nəsibim olub. Hər kəs üçün doğulduğu yurd müqəddəsdir. Hərdən mənə elə gəlir ki, bu baxımdan dünyanın ən bəxtəvər bəndəsiyəm. Dünyaya gəldiyim Kosalı kəndi çox müqəddəs bir ocaqdır. İnsanları zəhmətkeş, mərd, elat ruhlu, inanclı, müəyyən mənada sufi ruhlu bir toplumdur. Ədəb-ərkanı ilə öyünə bilən kənddir. Elmə, təhsilə meylli kənddir. Qarayazı meşəsi ilə Bala dağın arasında düzənlik ərazidə yerləşir. Torpağı çox münbitdir. Nə əksən bar verir. Kənd türk dünyasına 2 ustad aşıq - Aşıq Alxan Qarayazılı və Aşıq Aslan Kosalını, el ağsaqqalı, hamının ehtiram göstərdiyi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevi, dünya şöhrətli alim Hamlet İsaxanlını, onlarla elm adamını, ağır el adamları, təsərrüfat qurucuları kimi Məmməd Xiyalov və Bədirxan İsmayılovla, sovetlərə dirəniş hərəkatına rəhbərlik edən qaçaq İsaxan, qaçaq Xazeyin kimi tarixi şəxsiyyətlər verməyi ilə öyünür.
Atamın koması
- Ata yurdumuz Kosalı kəndinin Qarayazı meşəsi səmtə, Nəzərli kəndi ilə həmsərhəddir. İkimərtəbəli evimiz kənddə ötən əsrin 60-cı illərində tikilib. Atamgil ata yurdundan həmin illərdə ayrılıblar. 6 qardaş bir həyətdə yerləşə bilməyiblər. Bu evin tikintisi qaranlıq da olsa, xatirimdə qalıb. O vaxtlar kənddə el gücü ilə ev tikmək dəbdə idi. Qohum-əqrəba, dost, qonşu elliklə bir evin tikintisinə səfərbər olunardılar. Çox gözəl ənənə idi. Həm insanları, həm də qohumları birləşdirən, isinişdirən əsl birlik ənənəsi idi. Məncə, bu ənənənin dirçəlməsinə ehtiyac var. Bu evin ilk illəri ata nənəm Cəmilə xanım xatirimdədir. 6 uşağı kişi kimi böyüdüb cəmiyyətdə şəxsiyyətə çevirə bilib.
Ata babam Əhməd erkən vəfat etdiyi üçün 6 uşağın ağırlığı nənəmin üzərinə düşüb. Nənəm Cəmilə çox mərd, kişi kimi xanım idi. Biz uşaqlar bir yana gedəndə, səfərə çıxanda bizə “ey, bəri baxın, birdən döyülüb gələrsiniz ha...” deməyi unutmazdı. Bu gün də məqamında nənəmin o tapşırığı yadıma düşür. Ruhu şad olsun. Onlara borcluyuq. Evimiz, həyətimiz bütün normalara görə əsl kənd eviydi - hər şey nəzərə alınıb, qışda, yazda, toy və yasa qədər hər şey nəzərə alınıb. Evimizdə 500 nəfərlik qonağı qarşılayıb yola salmaq üçün bütün mətbəx ləvazimatı hazırdır. Anam rəhmətlik hər zaman deyirdi ki, ay bala, qəfil hər şey ola bilər, karıxmayın, kimsəyə ağız açmayın, qoy hər şeyimiz olsun”. Allah rəhmət eləsin! Onun südü çox halal idi. Süd bizim necə olmağımızın əsasıdır. Onun südünə borcluyam. Ailəmiz 7 nəfər olub. Ata, ana, 4 qardaş, bir bacı. Böyük qardaşım Əhməd alimdir, Texniki Universitetdə çalışır. İkinci qardaşım İsmixan mühəndisdir, Gürcüstanda, Kutaisidə yol, körpü tikintisində çalışır. Bacım Əsməgül Kosalı ambulatoriyasında tibb bacısı işləyir. Sonbeşik Elmixan isə həkimdir, Kosalı kənd ambulatoriyasının baş həkimidir. Çox gözəl həkim və eloğludur. Xatırladıram ki, 1991-ci ildə hər kəs üzü Bakıya köç edəndə, o, institutu fərqlənmə ilə bitirərək, doğma kəndimizi, ata yurdunu seçdi.
Evdən məktəbə - ilk məktəb illəri
Kosalı kənd orta məktəbi 1920-ci ildə tikilib. 1964-cü ildə birinci sinfə getmişəm. Dəqiq yadımdadır. Çox həyacanlı idim. Anam tikiş, toxuma işlərini bacarırdı. Güllü parçadan ayağı büzməli şalvar tikmişdi. Utana-utana geyinmişdim. Əlimdə parçadan tikilmiş mürəkkəb qabı və həmin parçadan tikilmiş çantam var idi. Qabaq cərgədə oturdum. Elə bilirdim ki, hamı mənim şalvarıma baxır. Mənim kimi çox uşaq elə geyinməsinə baxmayaraq, evə qayıdanda dava salmalı oldum. Anam nə qədər qılıqlasa da, deyinə-deyinə bir fabrik istehsalı olan geyim aldırdım. Amma indi geriyə boylananda boyuma ən gözəl yaraşan da, elə anamın tikdiyi o Osmanlı şalvarı idi.
Kosalı - kənd və xatirələr
Bir az da dəcəl uşaq idim. Təşəbbüsləri çox xoşlayırdım. Əlaçı oxudum. Baxmayaraq ki, hər gün mal-qaranı otarmaq, alaflamaq, altını kürümək kimi işlərimiz də var idi. Mal-qaranı otaran zaman maraqlıdır ki, dərsləri daha tez mənimsəyirdim. İlk məktəb günlərindən qurduğum xəyallardan biri və ən əsası böyüyəndə ali təhsil almaq, mühəndis olmaq idi. Kifayət qədər çətin dönəm olsa da, bizi təhsilə təşviq edən atam və anam olub. Burada böyük qardaşımız Əhmədin isə rolu əvəzsizdir.
O dövrün kənd uşaqlarına xas olan xüsusiyyətlər məndə də olub. Yaxşı oxumaqla yanaşı, dava-dalaşdan, sovxozun bostanında oğurluqdan tutmuş, xətrimizə dəyəni cəzalandırmağa qədər qəribə əməllərim olub. Bir dəfə uşaqlar - dostum Ramiz və Hökmdarla qonşumuz Nəzir dayıdan dovşan almaq eşqinə düşdük. Yığışıb 6 rubl pul topladıq. Nəzir dayıya “dovşanı neçəyə satırsınız?”, deməyimizlə bizi söyməsi, yamanlaması bir oldu. Kor-peşman aralandıq. Xətrimizə yaman dəymişdi. Əvəzini çıxmaq qərarına gəldik. 4 dovşanı həmin gecə yoxa çıxdı. İllər keçəndən sonra rəhmətliyin özünə söylədim. Dedi: “Ay bala, kim ağlıma gəlsə də, sən heç xəyalımdam keçməmisən, halalınız olsun”. Halallığını aldığım üçün hər zaman ruhuna dualar edirəm.
Mal-qaranı Qarayazı meşəsinin yanında gecə “xama verəndə” – (otla zəngin yerə) vəhşi qabanların hücumu yadımdadır. Molla Söyünün oğlu Elmxanla birlikdə idik. İlk ağlıma gələn çinar ağacına çıxmaq oldu. İlk olaraq Elmixanı ağaca çıxmağa məcbur etdikdən sonra mən də çıxdım. Mal-qara öz başına evə çatdıqdan sonra, bizi axtarmağa başlayıblar. Səhər yaxın bizi tapdılar. Çox dəhşətli gecə idi.
...3-4-cü siniflərdə pioner düşərgəsində dincələn zaman çox maraqlı günlərimiz olub. Erməni və gürcülərin içərisində dayım oğlu Mövludla mən sərgüzəştlər yaşamalı olmuşuq. Erməninin dayı oğluma sataşması səbəbindən onu yaxşı kötəkləmişəm. 5 nəfərlik dəstə ilə yenidən üstümüzə gəldikləri zaman isə 2 nəfər 5 ermənini qabağımıza salıb qoyun kimi qovmuşuq. Ondan sonra düşərgənin “avtoritetinə” çevrilmişdik. Yayda ana babam Muxtar kişi bizi öz binəsi ilə yaylağa aparardı. 3 ay Borçalının gözəl yaylaqlarında unudulmaz günlər yaşamışıq. Quduz canavarı öldürməkdən tutmuş, dağ kənd uşaqları ilə davalarımız unudula bilməz. Bu yaxınlarda həmin kəndin (Dmanisi rayonunun Qarabulaq kəndi) mərkəzində təntənəli bayram tədbiri düzənləmişdik. Uşaq vaxtı qabağımızı kəsən, amma payını alan Ələddin o günləri xatırlatdı. Hətta qara zurna sədaları altında simvolik qurşaq da tutduq.

O bulaqlar, o çaylar və o meşə
- Kəndimizin əhalisi 8 mindən çoxdur. Qarayazı meşəsi ilə kəndimizin arası 1 kilometrə yaxındır. Kür çayı meşənin içərisindən axır. Ən maraqlı sərgüzəştlərimiz bu meşədə də olub. Meşədə diametri təqribən 10 nəfərin əl-ələ tutması qədər, 300 ildən çox yaşı olan palıd ağacı (gəmi ağacı da deyirlər) sanki ziyarət yerimiz idi. Ən gözəl bayramlarımızı o ağacın kölgəsindəki bulağın üstündə qeyd edərdik. Kür çayını o biri tərəfə keçmək isə əsl dəlilik idi. İti axan Dəli Kürü o birisi tərəfə bəlkə üzüb indi keçə bilmərəm. O zamansa, cəsarətlə üzüb keçə bilirdik. Bir dəfə isə axmışam, ancaq özümü itirmədən xilas ola bilmişəm. Bəlkə də xarakterimizin formalaşmasında bu hadisələr mühüm rol oynayıb.
Və... Bulaq başındakı sevgi
- Sevgi duyğuları isə hər kəsdəki kimi məndə də olub. Sinif yoldaşımı sevməyimə baxmayaraq, açıb deməyə cəsarətim çatmadı. 10-cu sinifdə son zəng bu baxımdan çox əlamətdar oldu. Rəfiqəsi yaxınlaşaraq onun məni sevdiyini bildirdi. Sanki dünya başıma fırlandı. Onun məndən cəsarətli olmasını sinirə bilmədim. Ürəyim sındı. Hesab edirdim ki, sevgini mən etiraf etməli idim.
Anam, atam yaddan çıxmaz, ay Kosalı!
- Atam Adil və anam Şöhrət çox fədakar, çox zəhmətkeş, çox halal insanlar idi. Bizi halallığa alışdırdılar, zəhmətlə, alın təri ilə halal yaşamağı öyrətdilər bizə. Əl tutmağı, qonşuya, qohuma həyan olmağı sanki borc bilirdilər. Atam çox fəal idi. Sovxozda uzun müddət qabaqcıl briqadir işlədi. Hər ikisi natamam orta təhsilli idilər. Amma elmə, təhsilə vurğun idilər. Hər zaman axşam yeməyinin mövzularından biri savadlı adamların üstünlüklərinə həsr olunardı. Bizə təhsili, elm sevdirə bildilər. Maraqlıdır ki, heç zaman nə valideyn iclasına, nə də məktəbə arxamızca gəlmədilər. Mən bunu öz uşaqlarımın tərbiyəsndə tətbiq etməli oldum. Ata-anamın nə qədər doğru olduğu bir daha təsdiqini tapdı. Övladlarım hər üçü əla qiymərlərlə oxudular, həkim, hüquqşünas və iqtisadçı olaraq cəmiyyətə faydalı oldular. Ata və anamın təliminin düz olduğunu sübut etdilər. Təməldə sevgidir. Hansı işdə olur-olsun. Sevgi, inam varsa, orada uğurdan başqa yol yoxdur. Bu gün də atam və anam elimizdə ehtiramla zəhmətkeş, təmiz insanlar olaraq xatırlanmaqdadır. Atam bizi heç zaman vurmadı. O, çox hazırcavab olmaqla yanaşı, sözdən ustalıqla istifadə edirdi. O, elə söz deyirdi ki, onu başqa səmtə yozmaq mümkün olmurdu. Yadımdadır, 1979-cu ildə Tibb İnstitutunda oxuyanda yataqxanada qalan vaxt dostlarıma qoşularaq siqaret çəkməyə başlamışdım. Kəndə - atama xəbər çatır. O, mənə çox möhtəşəm bir məktub yazır: “Oğlum eşitmişəm boruya qurum verirsən (yəni siqaret çəkirsən). Yadındadırmı, evimizdə sobanın borusunda qurumu sən təmizləyirdin. Bəs, səninkini kim təmizləyəcək?”
Siqaretdən söhbət düşəndə bu ibrətli misalı xatırlayıram. Təbii ki, indi siqaret çəkmirəm. Bu zərərli vərdişə aludə olanlara isə atamın mənə yazdığı məktubun tezisindən faydalanmağı məsləhət görürəm. Anam atamın ən böyük qoruyucusu olub. Atam evə gəlməmiş bizə yemək olmazdı. Düşünürəm ki, əsl türk ailəsində ana atanın kultunu yaratmalı, ailədə tək zirvəli uca piramidanı qorumalıdır. Anam atamı heç kimin, öz ata yurdundan olan ən yaxınının belə ayağına vermədi. Bu, bir məktəb idi. Mən uşaqlıq edib “əl aşığı”nda qonşunun 20 qəpiyini udduğumu biləndə “indi desinlər ki, Şöhrətin doğduğu qumar oynayır hə...” deyib kənd boyu məni qabağına qatıb qovan da anam olub. Ruhları şad olsun. Bu gün də yoxluqlarının ağırlığını çəkirəm. Hər kəsə ata-analarının, bütün böyüklərin qədrini bilməyi, onları sevməyi, oxşamağı tövsiyə edirəm...

Məktəbimiz, müəllimlərimiz, öyrəndiklərimiz
- Ailə və məktəb... Bunlar bir tərbiyə halqasının ayrılmaz hissələridir. Bu sağlam vəhdətdən pərvazlanan hər kəs cəmiyyət üçün yararlı olur. Bu vəhdət pozulan yerdə cahillik, tərbiyəsizlik, nadanlıq hakim olur. Ata-anam kimi müəllimlərimə də borcluyam. Bugünkü Zəlimxan nə qazanıbsa, bu təməlin hesabınadır. Qaçaq İsaxanın yadigarı riyaziyyat müəllimi Abdulla müəllimin dediyi “tatoğlu sən ucalarda olmalısan, çünki sənin əsil-nəslin olub, sən onların adına layiq olmalısan. Bunun üçün də yaxşı oxumalısan” məsləhəti sanki qulağımda bir sırğa oldu.
Sonrakı dönəmlərdə Fərrux müəllimin, Muxtaroğlu Qiyas müəllimin, Qabil müəllimin, Göycə müəllimin, İmdad müəllimin, Süleyman müəllimin, Zelmira müəllimənin adlarını ehtiramla çəkə bilərəm. Bu kimi müəllimlərimin xidmətidir ki, tibb insititunun stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək onların etimadını doğrultdum. Bu gün də məktəbimizlə əlaqəm var. Hər zaman oraya getməyi Allah evini ziyarət kimi qəbul edirəm. Bu gün məktəbimizdə 1200 nəfərə yaxın şagird təhsil alır, Tbilisi universitetlərində isə 70 nəfərdən çox tələbə təhsil alır..
Söhbətin bu yerində...
- İstərdim Abdulla müəllimin müraciətindəki “tatoğlu” ifadəsinə də aydınlıq gətirim. Nəslimiz təmiz türk nəslidir. Kökümüz 17-ci əsrdə Ərdəbildən bu tərəflərə gəliblər. Qohumlarımız Azərbaycanın müxtəlif tərəflərində, Qarabağda, Cənubda, Ermənistanda, Türkiyədə və Gürcüstanda məskunlaşıblar. Şah Xətainin nəslindənik. Ötən əsrin 30-cu illərində babam Əhməd İrandan gəlib taxıl əkini ilə məşğul olan bir neçə nəfər tatla yaxınlıq əlaqəsi quraraq onlara yardım edirmiş. Əhməd babam qaçaq İsaxan və Xazeyinlə yaxın olub. Xazeyin ərklə “Əhməd bunlarla çox yaxınlıq edirsən, elə bil bunlardansan, xətrinə dəyməsin, bundan sonra sənə tat oğlu deyəcəyəm” deyərək zarafat edərmiş. Babam isə “Xozeyin təki sənin kimi el adamları desin mənə, bunlarda qonaqdırlar, elimiz gərək qonaqlara ehtiramlı olsun”, - deyərək cavab verib. Beləliklə, bu ifadə elin ağzına düşüb və bu gün də Xozeyin bəyə ehtiram olaraq nəslimiz elə adlanır. Bu isə bizim etnik kimliyimizə işarə deyil. Bəzi üzdəniraqlar isə bundan əleyhimizə istifadə etmək istəyirlər...
Məktəb xatirələri
- 10-cu sinifdə oxuyanda Tibb Universitetinə hazırlaşan Kərəm və Ədilxanla bizim evin yarımzirzəmi yerində düzəltdiyimiz sinifdə hazırlaşırdıq. Lövhəmizin olmaması işimizə çox mane olurdu. Oğurluğu pisləyə-pisləyə, öz məntiqimizlə oxumaq naminə oğurluq etməyə haqq qazandıraraq məktəbdən yazı lövhəsini oğurlamışdıq. İndi də o lövhəyə “sağ ol” düşür. Müəllimlərim və elmimiz bizi çoxdan əfv edib. Birmənalı ucalıq üçün dürüstlük, fədakarlıq, nəfsin toxluğu, intellekt, ağıl, iradə və cəsarətin vəhtədini vacib sayıram və gəncliyimizə bu formulla yüksəlməyi arzulayıram.


Elmin NURİ