Modern.az

Turizmdə əsas qazanan bölgələr olacaq - XƏRİTƏ

Turizmdə əsas qazanan bölgələr olacaq - XƏRİTƏ

Ölkə

Bu gün, 15:06

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkənin turizm imkanlarının genişləndirilməsi və xarici turistlərin Azərbaycana səfərlərinin artırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə yeni turizm bazarları ilə birbaşa hava əlaqələrinin yaradılması, mövcud istiqamətlər üzrə uçuşların sayının artırılması, eləcə də aviabiletlərin daha münasib qiymətə təklif olunmasına imkan verən mexanizmlərin hazırlanması nəzərdə tutulur. Bu tədbirlərin Azərbaycanın xarici turistlər üçün əlçatanlığını artırmaqla yanaşı, yeni ölkələrdən turist axınının formalaşmasına və mövcud bazarlardan səfərlərin intensivləşməsinə təsir göstərəcəyi gözlənilir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərin Maarifləndirilməsi və Dəstəklənməsi şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev 2026-2030-cu illər üzrə turizmin inkişafına dair Dövlət Proqramını Azərbaycanın turizm sektorunun sistemli və uzunmüddətli inkişafına hesablanmış mühüm strateji sənəd kimi qiymətləndirib.

Onun sözlərinə görə, proqramın əsas üstünlüyü turizmin yalnız xarici turist axınının artırılması deyil, həm də regionların inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və turizm məhsullarının şaxələndirilməsi baxımından nəzərdən keçirilməsidir:

“Hesab edirəm ki, sənəd turizm sektorunda mövcud olan infrastruktur çatışmazlığı, regionlarda xidmət səviyyəsinin aşağı olması, ixtisaslı kadr problemi və turizm məhsullarının yetərincə tanıdılmaması kimi məsələlərin həlli üçün real imkan yaradır. Xüsusilə regionlarda yeni turizm marşrutlarının formalaşdırılması və investisiya imkanlarının genişləndirilməsi Bakı ilə digər bölgələr arasında turizm axınının daha balanslı bölüşdürülməsinə kömək edə bilər”.

Ekspert həmçinin vurğulayıb ki, proqramın uğuru qarşıya qoyulan hədəflərlə yanaşı, onların icra mexanizmlərinin səmərəli işləməsindən də asılı olacaq:

“Dövlət Proqramının uğuru yalnız müəyyən edilən məqsədlərdən deyil, onların icrasına nəzarətin, konkret mexanizmlərin və dövlət-özəl sektor əməkdaşlığının nə dərəcədə effektiv qurulmasından asılı olacaq. Əsas məqsəd Azərbaycanın turizm potensialını təkcə turist sayının artımı ilə deyil, turistlərin ölkədə qalma müddətinin və xərclərinin yüksəlməsi ilə qiymətləndirmək olmalıdır”.

R.Quliyevin fikrincə, proqramın icrası nəticəsində ən mühüm dəyişikliklərdən biri regionların turizm potensialının daha fəal şəkildə dövriyyəyə cəlb olunması ola bilər:

“Bunun üçün regionlarda yol, nəqliyyat, hotellər, ictimai iaşə və digər turizm infrastrukturları inkişaf etdirilməli, eyni zamanda hər bir bölgənin özünəməxsus turizm məhsulu formalaşdırılmalıdır. Turistlərin ölkə daxilində hərəkətliliyinin artırılması məqsədilə hava və dəmir yolu əlaqələrinin genişləndirilməsi, regional nəqliyyat imkanlarının yaxşılaşdırılması və vahid turizm marşrutlarının yaradılması xüsusi əhəmiyyət daşıyır”.

Ekspert hesab edir ki, qiymətlərin şəffaflığı və elektron xidmətlərin genişləndirilməsi də turizm xidmətlərinin əlçatanlığını artıracaq:

“Turistlər üçün qiymətlərin şəffaflığı, elektron xidmətlərin genişləndirilməsi və müxtəlif büdcələrə uyğun yerləşmə imkanlarının artırılması xidmətlərin əlçatanlığını yüksəldəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Qəbələ-Şəki, Quba-Xaçmaz və cənub bölgəsində turizm klasterlərinin yaradılması mühüm nəticələr verə bilər”.

Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın beynəlxalq turizm bazarında daha rəqabətqabiliyyətli mövqe qazanmasına şərait yaradacaq.

“Nəticədə Azərbaycanı təkcə Bakı və bir neçə əsas turizm məkanı ilə deyil, ölkənin müxtəlif regionlarını birləşdirən çoxşaxəli və rəqabətqabiliyyətli turizm destinasiyası kimi təqdim etmək mümkün olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!