Modern.az

Rezidentura, sosial media və sahibkarlıq parlamentin gündəliyində 

Rezidentura, sosial media və sahibkarlıq parlamentin gündəliyində 

Ölkə

9 Sentyabr 2026, 16:37

2026-cı ilin payız sessiyasında komitələrin ilk iclasları keçirilib. Bu sessiyada da Milli Məclisin gündəliyinə bir sıra yeni qanun layihələrinin və qanunlara dəyişikliklərin çıxarılması gözlənilir. 

Mövzu ilə bağlı Milli Məclisin deputatları Modern.az-a açıqlama verib.

Deputat Ceyhun Məmmədov təhsilin hüquqi bazasının gücləndirilməli olduğunu bildirib:

"Bu il bir sıra yeni qanunların qəbul edildiyinin, bir sıra qanunlara dəyişiklik edildiyinin şahidi olacağıq, bunu müşahidə edəcəyik, hər birimiz görəcəyik. Qaldı ki, hansı qanunlarla bağlı dəyişikliklərə, təkliflərə, mən hesab edirəm ki, biz təhsil sahəsində bir sıra qanunlara baxmalıyıq, təhsillə bağlı qanunları daha da təkmilləşdirməliyik. Təhsilin hüquqi bazası gücləndirilməlidir".


Onun sözlərinə görə, güclü təhsili qaydalarla qurmaq qeyri-mümkündür. Biz çalışmalıyıq ki, təhsilimizin qanunvericilik bazasını daha da gücləndirək. Ona görə mənim təhsillə bağlı bir sıra təkliflərim olacaq. Eyni zamanda, sosial media ilə bağlı bəzi təklifləri səsləndirməyi düşünürəm. Eyni zamanda, din sahəsində də bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı fikirlərimi bildirməyi və məsələ qaldırmağı düşünürəm.

Deputat Rəşad Mahmudov açıqlamasında səhiyyə, elm və təhsil sahələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:

"2026-cı ilin payız sessiyasında Milli Məclisə daxil olacaq yeni qanun layihələri və mövcud qanunlara dəyişikliklərlə bağlı işimizi davam etdirəcəyik. Səhiyyə, eləcə də Elm və Təhsil komitələrinin üzvü kimi bu sahələrdə islahatların qanunvericilik bazasının təkmilləşdirilməsini vacib hesab edirəm".

Deputat bildirib ki, səhiyyə sahəsində əsas istiqamətlərdən biri icbari tibbi sığortanın inkişafı, xidmətlər zərfinin təkmilləşdirilməsi, dərman təminatının və vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılmasıdır. Eyni zamanda, tibb işçilərinin hüquqi statusu və peşə məsuliyyəti ilə bağlı məsələlərə də diqqət yetirilməlidir.

Onun sözlərinə görə, elm və təhsil sahəsində isə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetlərin elmi-tədqiqat potensialının gücləndirilməsi və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması vacibdir.

"Xüsusilə tibb təhsilinin, o cümlədən rezidentura sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, klinik bacarıqların obyektiv qiymətləndirilməsi mühüm məsələlərdəndir. Məqsədimiz səhiyyə və təhsil sahəsində islahatları dəstəkləyən müasir qanunvericilik bazasının formalaşdırılmasına töhfə verməkdir"- o, deyib.

Deputat Azər Badamov payız sessiyasında komitənin gündəliyinin zəngin olacağını bildirib:

“2026-cı ilin payız sessiyasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gündəliyi kifayət qədər zəngin olacaq. Bir sıra yeni qanun layihələrinin və mövcud qanunvericilik aktlarına dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir”.

Deputat bildirib ki, iqtisadiyyat inkişaf etdikcə biznes subyektlərinin qarşısında yeni məsələlər və çağırışlar yaranır. Bu baxımdan sahibkarların fəaliyyətinin asanlaşdırılması, biznes proseslərinin sadələşdirilməsi, investisiyaların təşviqi və investorlar üçün daha əlverişli hüquqi mühitin yaradılması məqsədilə qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi gündəmdə olacaq.

"Biz bu məsələlərə yanaşarkən beynəlxalq təcrübəni də diqqətlə öyrənirik. İqtisadi inkişaf baxımından uğurlu nəticələr əldə etmiş ölkələrin qanunvericilik təcrübəsini araşdırır, onların tətbiq etdiyi effektiv mexanizmləri Azərbaycan reallıqları baxımından qiymətləndiririk. Məqsədimiz ölkəmizdə sahibkarlığın inkişafına, investisiyaların artmasına, rəqabət mühitinin güclənməsinə və innovasiyaların tətbiqinə daha geniş imkan yaradan hüquqi ekosistem formalaşdırmaqdır"- o qeyd edib.
 

Nicat Rüstəm

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada