Prezident İlham Əliyevin sentyabrın 15-də dini liderlərlə görüşündə səsləndirdiyi fikirlər beynəlxalq münasibətlər sistemindəki ziddiyyətlərə və ikili standartlara diqqət çəkən mühüm mesajlardır.
Bunu Milli Məclisin deputatı Azər Badamov Modern.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verib:
“BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud olsa da, onların icrasını təmin edəcək real mexanizmlər işə salınmadı. Azərbaycan uzun illər münaqişənin diplomatik yolla həllinə çalışdı. Nəticə əldə olunmadıqda isə öz gücünə arxalanaraq ərazi bütövlüyünü, daha sonra isə suverenliyini bərpa etdi”.
A.Badamovun sözlərinə görə, dünyanın müxtəlif münaqişələrə fərqli yanaşması beynəlxalq hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiq olunması məsələsini aktuallaşdırır:
“Azərbaycan öz torpaqlarının işğalı zamanı beynəlxalq hüquqa istinad edirdi, lakin həmin hüququn icrası istiqamətində təsirli addımlar görmürdü. Bu gün də ayrı-ayrı dövlətlərə və münaqişələrə münasibətdə fərqli yanaşmaların şahidi oluruq. Beynəlxalq hüquq siyasi maraqlara uyğun deyil, bütün ölkələrə eyni qaydada tətbiq edilməlidir”.
Deputat islamofobiyanın güclənməsinin və müsəlmanların hüquqlarının pozulmasının İslam dünyasının birgə mövqeyini zəruri etdiyini vurğulayıb:
“İslam dünyası ikili standartlara, dini və mədəni irsin məhv edilməsinə, müsəlmanların hüquqlarının pozulmasına biganə qalmamalıdır. Bunun üçün müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və mədəni həmrəylik daha da gücləndirilməlidir. Bu həmrəylik yalnız bəyanat və şüar səviyyəsində qalmamalı, konkret əməkdaşlıq mexanizmlərinə çevrilməlidir”.
A.Badamov bildirib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə praktiki töhfə verən ölkələrdəndir. O, Türk Dövlətləri Təşkilatı daxilindəki əməkdaşlığı, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində irəli sürülən təşəbbüsləri, həmçinin Azərbaycanın İslam dünyasının mühüm tədbirlərinə ev sahibliyi etməsini buna nümunə göstərib.
Deputat işğal dövründə Azərbaycan ərazilərində məscidlərin və digər dini-mədəni abidələrin dağıdılmasının unudulmamalı olduğunu söyləyib:
“Bu məsələnin gündəmdə saxlanılması hər hansı xalqa və ya dinə qarşı düşmənçilik deyil. Söhbət tarixi həqiqətin qorunmasından və dini-mədəni irsə qarşı törədilmiş əməllərin unudulmamasından gedir. Sülh keçmişi unutmaq demək deyil. Biz şəhidlərimizin xatirəsini, xalqımıza qarşı törədilmiş faciələri və mədəni irsimizə vurulmuş zərəri unutmuruq”.
A.Badamov əlavə edib ki, Azərbaycan suverenliyini bərpa etmiş dövlət kimi regionda qarşıdurmanın deyil, əməkdaşlığın, qarşılıqlı hörmətin və davamlı sülhün tərəfdarıdır:
“Prezident İlham Əliyevin mesajı da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycan İslam dünyasının qarşısında dayanan problemlərin həlli və ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində fəal təşəbbüslərini davam etdirəcək”.