“Əksəriyyət deyir ki, heyvan yetişdirilməli, yaxşı bəslənməli, özünü tutduqdan sonra kəsilməlidir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev komitənin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri heyvandarlıqda xərclərlə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
“Bu günlərdə siyasi partiyalardan birinin rəhbəri çıxış edib. Deyir ki, inflyasiya var, heyvana nə qədər noxud, çuğundur, yonca və digər yemlər verilməlidir. Bunları hesablayıb və xərclərin bir neçə min manata çatdığını deyib. Amma mən deyirəm ki, insanların pay torpaqları var. Həmin torpaqlarda yonca da, noxud da, qarğıdalı da, çuğundur da əkmək olar”, - Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, heyvanın çəkisi 500 kiloqrama çatdırılarsa, onun satışından təxminən 10 min manat gəlir əldə etmək mümkündür:
“10 min manatın 3 min manatını onun yemlənməsinə xərcləyə bilərsən. Bundan artıq xərc çəkməyə ehtiyac yoxdur. 7 min manat da sənin cibində qalır. Bu, böyük məbləğdir”.
T.Rzayev bildirib ki, kənd təsərrüfatının inkişafı zəhmət tələb edir:
“Bəzən müəyyən fərziyyələr irəli sürülür, deyilir ki, insan bunun üçün əziyyət çəkməlidir. Yaxşı, əziyyət çəkmədən heyvandarlığı inkişaf etdirmək olar? Əziyyət çəkmədən pambıqçılıq, balıqçılıq olar? Əlbəttə, olmaz. İlk növbədə insanın zəhməti lazımdır”.
Komitə sədri qeyd edib ki, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində qida təhlükəsizliyi və məhsulun keyfiyyəti əsas məsələlərdən biri kimi nəzərdə tutulur.
Onun sözlərinə görə, qanun layihəsinin məqsədlərindən biri də kənd təsərrüfatında rəqabət mühitini genişləndirməkdir:
“Əgər fermerin pulu olacaqsa, gübrə satan özü onun yanına gələcək. Əvvəllər fermerin pulu yox idi, məcbur olub hansısa şirkətdən keyfiyyətsiz gübrə alırdı. İndi fermerin maliyyə imkanı olacaqsa, həm gübrə satanlar, həm də texnika sahibləri fermer uğrunda rəqabət aparacaqlar”.
Tahir Rzayev əlavə edib ki, məhsul şəhadətnaməsini buraxan fermerin məsuliyyəti də artacaq.
“Şəhadətnaməni verən və məhsulu bazara çıxaran şəxs öz öhdəliyini yerinə yetirməlidir. Öhdəlik yerinə yetirilməsə, məsələ icraya yönəldilməlidir. Sahibkar həm məhsulu təqdim etməli, həm də onun keyfiyyətini təmin etməlidir. Bunlar qanunun əsas fəlsəfəsini təşkil edir”, - komitə sədri vurğulayıb.