Azərbaycanda metro, dəmir yolu və tramvay infrastrukturu layihələrinin həyata keçirilməsi üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasına dair hüquqi mexanizmlər dəqiqləşdirilir.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Bununla bağlı Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur.
Layihəyə əsasən, dövlət ehtiyacları üçün mülkiyyətin alınmasına əsas verən hallar sırasında tunellərin, o cümlədən metro tunellərinin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, həmçinin dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması ayrıca göstəriləcək.
Bundan başqa, dəniz və hava limanlarının, aerodromların, dəmir yolu, metropoliten və tramvay stansiyalarının və depoların tikilməsi və genişləndirilməsi də dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən hallar sırasına daxil ediləcək.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna təklif edilən dəyişikliklərdə də tunellər, metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri ayrıca sadalanır. Eyni zamanda dəniz və hava limanları, aerodromlar, dəmir yolu, metropoliten və tramvay stansiyaları və depoların tikilməsi və genişləndirilməsi ilə bağlı müddəalar vahid bənddə birləşdirilir.
Bildirilir ki, dəyişikliklərin məqsədi ölkədə nəqliyyat infrastrukturunun, xüsusilə metro və dəmir yolu şəbəkələrinin inkişafı üzrə strateji layihələrin hüquqi baxımdan maneəsiz icrasını təmin etməkdir.
Sənəddə qeyd olunur ki, dəyişikliklər Bakı və ətraf ərazilərdə 2025–2030-cu illər üçün nəzərdə tutulan nəqliyyat layihələrinin, o cümlədən yeni depolar, stansiyalar və xətlərin tikintisinin həyata keçirilməsi ilə əlaqədardır.
Layihənin qəbulunun mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə xidmət edəcəyi bildirilir.