“Azərbaycan Dəmir Yolları” QSC tarixində ilk dəfə Çindən lokomotivlər alıb. Yeni hərəkət tərkiblərindən ölkə daxilində, eləcə də Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında istifadə olunacaq.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, yeni lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.
“Bu texnologiyalar daha ağır tonnajlı yüklərin daşınmasına şərait yaradır. Bu da ümumilikdə yükdaşımaların daha səmərəli təşkilinə imkan verir”, – ADY rəsmisi deyib.
Bəxtiyar Hacıyev bildirib ki, lokomotivlər Stage III A səviyyəli ekoloji standartlara cavab verir.
O qeyd edib ki, ADY növbəti mərhələdə daha 14 lokomotivin alınması üçün danışıqlar aparır.
“Qlobal miqyasda Orta Dəhliz üzrə yükdaşımalarına tələbat artır. Xüsusilə Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayında artım müşahidə olunur. Bu da ‘Azərbaycan Dəmir Yolları’nı lokomotiv parkını müasir çağırışlara uyğun şəkildə genişləndirməyə və yeniləməyə sövq edir”, – mətbuat katibi vurğulayıb.
Bəxtiyar Hacıyevin sözlərinə görə, yeni lokomotivlərin alınması yalnız ADY-nin parkının yenilənməsi deyil, həm də Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarına artan tələbatın qarşılanması baxımından əhəmiyyətlidir.
“Yeni texnologiya iki lokomotivi ardıcıl şəkildə qoşaraq bir briqadanın idarəetməsi ilə iki dəfə daha çox yükün daha uzun məsafəyə daşınmasına imkan verir”, – o əlavə edib.
Lamiyə Cənnətzadə