İslamofobiya artıq ayrı-ayrı ölkələrdə baş verən insidentlərdən ibarət məsələ deyil. Müsəlmanlara qarşı ayrı-seçkilik, nifrət nitqi, dini simvolların və ibadət yerlərinin hədəfə alınması son illərdə beynəlxalq gündəmdə daha geniş yer tutur. BMT də problemi ayrıca gündəmə çıxarıb və 15 martı Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.
Belə bir situasiyada Azərbaycan islamofobiyaya qarşı mübarizəni yalnız bəyanatlarla məhdudlaşdırmayan ölkələrdən biridir. Ölkəmiz məsələni BMT platformasına daşımaqla yanaşı, beynəlxalq konfranslara ev sahibliyi edir, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edir və islamofobiyanın qarşısının alınmasını qlobal gündəmdə saxlamağa çalışır.
Bəs Azərbaycanın konkret addımları nələr olub?
Modern.az xatırladır ki, Azərbaycanın atdığı ilk böyük addımlardan 2022-ci il martın 15-də BMT Baş Assambleyası tərəfindən Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilməsini nəzərdə tutan qətnamənin konsensusla qəbul edilməsidir. Azərbaycan qətnamənin həmmüəllifləri sırasında yer alıb. Sənəddə dini ayrı-seçkilik və dözümsüzlüklə mübarizə, insan hüquqlarına və dini müxtəlifliyə hörmət əsasında qlobal dialoqun gücləndirilməsi çağırışı yer alıb. Bu məqam Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Bakı islamofobiya problemini yalnız ikitərəfli və ya regional müzakirə çərçivəsində deyil, BMT-nin qlobal gündəliyində ayrıca məsələ kimi təqdim edən təşəbbüslərdən birinin həmmüəllifi olub.
Məsələ sözdə qalmadı, Bakıda beynəlxalq konfrans keçirildi

Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin digər tərəfi isə məsələnin Bakıda müzakirəyə çıxarılmasıdır. 2024-cü il martın 8-də Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində islamofobiyanın, ksenofobiyanın və irqçiliyin XXI əsrdə yerinin olmadığını bildirib. O, həmçinin terrorizm və ekstremizmin hər hansı din, millət və ya sivilizasiya ilə əlaqələndirilməsini yanlış yanaşma kimi qiymətləndirib. Göründüyü kimi, ölkəmiz islamofobiyaya qarşı mübarizəni yalnız müsəlmanların müdafiəsi kimi deyil, dinlərarası və mədəniyyətlərarası dialoqun bir hissəsi kimi təqdim edir. Bu da təsadüfi deyil. Azərbaycan uzun müddətdir ki, prosesi və ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi platformalar vasitəsilə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir. Prezident İlham Əliyev də əvvəlki çıxışlarında islamofobiyaya qarşı mübarizəni multikulturalizm və dinlərarası dialoqla əlaqələndirib.
2025-ci ildə də islamofobiyaya həsr olunmuş beynəlxalq tədbirə rəsmi Bakının ev sahibliyi
Mayın 26–27-də “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. ICESCO-nun məlumatına görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən 200-dən çox ekspert, akademik və qərarverici iştirak edib, 70-dən çox elmi məruzə təqdim olunub. Konfransın yekununda “islamofobiya” ifadəsinin daha dəqiq termin kimi “müsəlmanlara qarşı ayrı-seçkilik” anlayışı ilə əvəzlənməsi tövsiyə edilib. Bu detal xüsusilə diqqətçəkəndir. Çünki müzakirə artıq yalnız “islamofobiya var, yoxsa yoxdur?” sualı ətrafında aparılmadı, problemin hüquqi, siyasi, sosial və terminoloji tərəfləri də müzakirəyə çıxarıldı.
Məsələ BMT-də də yeni mərhələyə keçdi
Azərbaycanın səylərinin qiymətləndirilməsi üçün ümumi beynəlxalq mənzərəyə də baxmaq lazımdır. 2024-cü il martın 15-də BMT Baş Assambleyası “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnaməni 115 lehinə, 0 əleyhinə və 44 bitərəf səslə qəbul edib. Qətnamədə müsəlmanlara qarşı ayrı-seçkilik, düşmənçilik və zorakılığa çağırışlar, məscidlərə və digər müqəddəs məkanlara hücumlar, dini nifrət və mənfi stereotiplər pislənib. Sənəddə BMT baş katibindən islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə təyin etməsi də istənilib. 2025-ci ilin mayında BMT baş katibi António Quterreş BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsini islamofobiya ilə mübarizə üzrə xüsusi elçi təyin edib. 2026-cı il martın 15-də isə Quterres Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü ilə bağlı müraciətində müsəlmanların institusional ayrı-seçkilik, sosial-iqtisadi təcrid, nifrət nitqi və zorakılıqla üzləşə bildiyini vurğulayıb.Yəni Azərbaycan məsələyə diqqət çəkərkən bunu artıq formalaşmaqda olan beynəlxalq mexanizmlər və BMT gündəliyi fonunda edir.
İlham Əliyev islamofobiya ilə mübarizə xüsusi diqqət yetirir?
Prezident İlham Əliyevin islamofobiya ilə bağlı mövqeyi də son illərdə müxtəlif çıxışlarda təkrar gündəmə gətirilib. Hələ 2012-ci ildə Prezident İslamın terrorla əlaqələndirilməsinin yanlış olduğunu bildirərək islamofobiyanın artmasının ciddi təhlükə yaratdığını qeyd edib və praktiki addımların vacibliyini vurğulayıb. 2024-cü ildə Bakıda keçirilən beynəlxalq konfransa müraciətində isə Prezident islamofobiyanın, ksenofobiyanın və irqçiliyin XXI əsrdə yeri olmadığını bildirib. O, terrorizm və ekstremizmin hər hansı din, millət və ya sivilizasiya ilə əlaqələndirilməsini yanlış yanaşma adlandırıb. Beləliklə, Prezidentin çıxışlarında əsas xətt dəyişmir: İslamı terror və ekstremizmlə eyniləşdirmək olmaz, dini ayrı-seçkilik və nifrət isə beynəlxalq səviyyədə qarşısı alınmalı təhlükədir.
Azərbaycanın təqdim etdiyi model – təkcə müsəlmanları deyil, dini müxtəlifliyi qorumaq
Bu istiqamətdə Azərbaycanın yanaşmasının maraqlı tərəflərindən biri də budur ki, Azərbaycan islamofobiyaya qarşı mübarizə apararkən özünü yalnız müsəlmanların müdafiəçisi kimi təqdim etmir. Rəsmi ritorikada əsas tezislərdən biri müxtəlif dini və etnik icmaların birgəyaşayışıdır. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycanın fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı ölkə olduğunu vurğulayıb. 2026-cı ilin sentyabrında yəhudi icmasına müraciətində də Azərbaycanda müxtəlif xalqlar və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin tarixən formalaşdığını qeyd edib. Bu yanaşmanın siyasi mesajı kifayət qədər aydındır: dini ayrı-seçkiliyə qarşı mübarizə bir dinin digərindən üstün tutulması deyil, müxtəlif inanclara hörmət prinsipinin qorunması kimi təqdim olunur.
Son illərdə atılan addımları bir xətt üzrə toplasaq, Azərbaycanın islamofobiyaya qarşı yanaşmasının bir neçə istiqaməti görünür:
Birincisi, məsələni BMT kimi qlobal platformalara çıxarmaq, ikincisi, 15 martın Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi təsis edilməsinə verilən dəstək, üçüncüsü, islamofobiyaya həsr olunmuş beynəlxalq konfransları Bakıda keçirmək, dördüncüsü, mübarizəni dinlərarası və mədəniyyətlərarası dialoqla əlaqələndirmək və nəhayət beşincisi, islamofobiya ilə mübarizənin hüquqi və institusional mexanizmlərinin gücləndirilməsini gündəmdə saxlamaq.
Bu baxımdan Azərbaycanın fəaliyyəti yalnız “islamofobiyaya qarşıyıq” bəyanatı ilə məhdudlaşmır. Ölkəmiz son illərdə problemi beynəlxalq gündəmdə saxlamaq, müzakirə platformaları yaratmaq və dini ayrı-seçkiliyə qarşı dialoq mexanizmlərini təşviq etmək xəttini formalaşdırıb. Əlbəttə, islamofobiya ilə mübarizənin nəticəsini yalnız keçirilən konfransların və qəbul edilən qətnamələrin sayı ilə ölçmək mümkün deyil. Əsas məsələ beynəlxalq sənədlərin real siyasətə, qanunvericiliyə və gündəlik həyata nə dərəcədə çevrilməsidir. BMT-nin 2026-cı il mesajında da hökumətlərin nifrət nitqi, dini azadlıq və ayrı-seçkiliklə bağlı konkret addımlar atmasının vacibliyi xüsusi vurğulanır.
Amma bir fakt artıq ortadadır: Azərbaycan islamofobiya məsələsini özünün yalnız daxili və ya dini gündəmi kimi deyil, beynəlxalq siyasətin və mədəniyyətlərarası dialoqun bir hissəsi kimi təqdim edir. Son illərdə keçirilən ardıcıl beynəlxalq tədbirlər göstərir ki, bu mövzu Azərbaycan üçün beynəlxalq platformalarda davam etdirilən istiqamətə çevrilib.