Azərbaycanda 2025-ci ildə qeydə alınan ölümlərin yarıdan çoxu qan dövranı sistemi xəstəliklərinin payına düşüb.
Modern.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkədə ümumilikdə 59 834 ölüm halı qeydə alınıb. 2024-cü ildə bu göstərici 58 909 nəfər olub.
Ölüm səbəbləri arasında ilk yeri qan dövranı sistemi xəstəlikləri tutur. 2025-ci ildə bu xəstəliklərdən 33 555 nəfər dünyasını dəyişib. Bu, il ərzində qeydə alınan bütün ölüm hallarının təxminən 56 faizinə bərabərdir. 2024-cü ildə qan dövranı sistemi xəstəliklərindən ölənlərin sayı 33 289 nəfər olub.
Ölüm səbəbləri arasında ikinci böyük qruplardan biri yenitörəmələrdir. 2025-ci ildə yenitörəmələr səbəbindən 10 102 nəfər həyatını itirib. Bir il əvvəl bu göstərici 9 681 nəfər idi. Beləliklə, yenitörəmələrdən ölənlərin sayı bir ildə 421 nəfər artaraq 10 mini ötüb.
Statistikaya əsasən, 2025-ci ildə tənəffüs sistemi xəstəliklərindən 1 519, həzm sistemi xəstəliklərindən 2 036, sidik-cinsiyyət sistemi xəstəliklərindən isə 1 137 nəfər vəfat edib. Travma, zəhərlənmə və digər xarici səbəblərlə bağlı ölüm hallarının sayı 2 594 nəfər təşkil edib.
Eyni zamanda, sinir sistemi xəstəliklərindən ölənlərin sayı 2 193 nəfər, endokrin, qidalanma və maddələr mübadiləsi xəstəliklərindən ölənlərin sayı isə 1 257 nəfər olub.