Modern.az

Dron başımızın üzərində partladı, dedim məlumat vermə, Xankəndi alınmalıdır – XTQ mayoru

Dron başımızın üzərində partladı, dedim məlumat vermə, Xankəndi alınmalıdır – XTQ mayoru

Ölkə

Bu gün, 17:56

Tarix 19 sentyabr 2023-cü ili göstərirdi...

Saat 11:45 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki Ermənistan silahlı birləşmələri Ağdam istiqamətində ordumuzun mövqelərini minaatan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutmuşdu.

Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi.

Həmin tarixi hadisələrin canlı şahidlərindən biri Xüsusi Təyinatlı Qüvvələrin mayoru Amil Mustafayevdir. O, antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.

Amil Mustafayev həmin gün yaşadıqlarını Modern.az-a danışıb.

Döyüş əmrini namaz qılarkən aldı

Mayor deyir ki, döyüş əmrini Şuşa yolundakı tuneldə namaz qıldığı vaxt alıb. Həmin andan etibarən dəstənin qarşısında bir məqsəd dayanırdı: Xankəndiyə doğru irəliləmək.

“Dəstəmlə birlikdə İsa bulağı istiqamətindən düşmən postlarını müşahidə etdik, keçid yollarını müəyyənləşdirdik və Xankəndi istiqamətində hərəkətə başladıq. Tapşırığımız Xankəndiyə doğru irəliləmək idi. Kərkicahan istiqamətindən hərəkət edirdik”.

İrəliləyiş asan deyildi. Düşmən artilleriyası fasiləsiz atəş açır, sıx meşəlik və yüksək dağlıq ərazi hərəkəti çətinləşdirirdi. Hava qaraldıqca görünüş məsafəsi də azalırdı. Lakin qarşıda onları gözləyən tarixi missiya dayanmağa imkan vermirdi.

“Artilleriya atəşindən yayınmaq üçün şəxsi heyət arasında məsafənin artırılmasını və Xankəndi istiqamətində sürətlə irəliləməyi əmr etdim. Ərazi sıx meşəlik və yüksək dağlıq idi. Hava qaralmışdı, görünüş məhdudlaşmışdı. Ancaq bunların heç biri bizi bir an belə saxlaya bilməzdi. Biz sanki həm təbiətlə, həm də zamanla yarışırdıq”.

“Əsgərimin şəhid olduğu xəbərini alırdım”

Döyüşün ən ağır anlarından biri dəstənin düşmən artilleriyasının hədəfinə çevrildiyi vaxt yaşanıb.

Rabitədən gələn xəbər komandiri dərindən sarsıdıb: əsgəri Seymur Əlizadə şəhid olmuşdu.

“Düşmənin artilleriya mərmisi dəstəmizin yaxınlığında partladı. Rabitə vasitəsilə məruzə olundu ki, əsgərim Seymur Əlizadə şəhid olub. Çox sarsıldım. Amma həmin anda özümə xatırlatdım ki, mən komandirəm. Şəhidimizin təxliyəsini əmr etdim, onun qisasını almaq üçün şəxsi heyətə ‘İrəli!’ komandası verdim”.

Komandir üçün daxilindəki ağrını susduraraq döyüşü davam etdirmək ağır idi. Lakin qarşıda tapşırıq, arxada isə ona güvənən döyüşçülər vardı.

"İrəllədikcə gizli postlarla qarşılaşırdıq"

İrəliləyən xüsusi təyinatlıların qarşısına düşmənin gizli postu çıxıb. Azərbaycan hərbçilərini görən qarşı tərəfin şəxsi heyəti nizamsız atəş açaraq mövqelərini tərk etməyə çalışıb.

“Düşmən bizi gördükdə qaçmağa başladı. Post tam təmizləndi. İki hərbi texnika, çoxlu silah-sursat və ağır silah mərmiləri ələ keçirildi. Bu, antiterror tədbirlərində dəstəmizin ilk uğuru idi. Şəhidimizin qisasını düşmən postlarını darmadağın etməklə aldıq”.

Lakin qarşıda onları daha ağır döyüşlər gözləyirdi. Yorğunluq getdikcə artsa da, geri çəkilmək və ya dayanmaq barədə düşünən yox idi.

“Xankəndiyə doğru irəliləməyə davam etdik. Yorğun idik, amma verilən tapşırıq bizim üçün müqəddəs amal idi. Dayana bilməzdik”.

"Kamikadze dronu başımızın üzərində partladı"

Xankəndini müdafiə edən postlar uğrunda ağır döyüşlər gedirdi. Düşmən Azərbaycan hərbçilərinə arxadan hücum etməyə çalışsa da, bu plan baş tutmayıb.

Elə həmin vaxt kamikadze dronu mayor Amil Mustafayevin başının üzərində partlayıb.

“Bir anlıq mənə elə gəldi ki, vurulmuşam. Müavinimə dedim ki, bu barədə məlumat vermə, Xankəndi alınmalıdır. Bir müddət sonra özümü toparladım və yenidən ‘İrəli!’ əmrini verdim. Beləliklə, Xankəndi öz sahiblərinə qayıtdı”.

Həmin an şəxsi ağrı, qorxu və yorğunluq artıq arxa plana keçmişdi. Çünki illərlə gözlənilən məqsəd bir neçə addımlıqda idi.

"Mülki əhaliyə zərər vermədən irəliləyirdik"

Mayor bildirir ki, Azərbaycan hərbçiləri əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət göstərib, yaşayış binalarına zərər vermədən irəliləyiblər.

Lakin qarşı tərəfin silahlı dəstələri yaşayış evlərindən döyüş mövqeyi kimi istifadə etməyə çalışıblar.

“Evlərin birindən bizə ‘Bura gəlməyin, evdə anamız, bacımız var’ deyildi. Şəxsi heyətə həmin istiqamətdə mülki şəxslərin təhlükəsizliyini təmin etməyi tapşırdığım anda düşmən tərəfindən atəş açıldı. Həmin atəş nəticəsində Qasımov Hacıəli yaralandı”.

Mayorun sözlərinə görə, bundan sonra yaşayış binalarında mövqe tutmuş 10-12 nəfərlik silahlı qrup onların üzərinə atəş açaraq itirdiyi yüksəkliyi geri almağa cəhd göstərib:

“Onlar irəliləməyə və yüksəkliyi yenidən ələ keçirməyə çalışdılar. Lakin qəhrəman döyüşçülərimiz hücumu dəf edərək düşməni geri çəkilməyə məcbur etdilər”.

“Bu torpaqların hər qarışında şəhidlərimizin qanı var”

Amil Mustafayev həmin günləri xatırlayarkən səsində həm itkinin ağrısı, həm də tarixi qələbənin qüruru hiss olunur.

“Biz torpaqlarımızın hər qarışını qan tökərək azad etmişik. Buna şəhidlərimiz şahiddir. Bu gün Xankəndini azad görmək o qədər gözəl hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Bu tarixi hadisələrdə öz payının olduğunu bilmək insana sevincdən də böyük bir qürur yaşadır”.

Döyüşlər başa çatdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı Amil Mustafayev və onun şəxsi heyəti ilə görüşüb. Komandanın həmin vaxt söylədiyi bir cümlə isə mayorun yaddaşına ömürlük həkk olunub:

“Döyüşdən sonra XTQ komandanı gəlib məni və şəxsi heyətimi təbrik etdi. Onun söylədiyi ‘Sən əsl qəhrəmansan’ sözləri qüruruma qürur qatdı”.

Amil Mustafayev və silahdaşları həmin əməliyyatı hər dəfə qürurla xatırlayırlar. Çünki onların addımladığı çətin yollar, keçdiyi sıx meşələr və uğrunda döyüşdüyü yüksəkliklər Azərbaycanın tam suverenliyə aparan yolunun bir hissəsinə çevrildi.

Onların bəziləri qələbə sevincini yaşadı, bəziləri isə həmin qələbənin əbədi şahidi kimi Vətən torpağına əmanət olundu.

Mayor sözlərini belə tamamlayıb:

“Yaşasın Ali Baş Komandan! Eşq olsun Azərbaycan Ordusuna!”

Lamiyə Cənnətzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı