Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun tərkibində döyüşən İndoneziya vətəndaşını əsir götürüb.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, əsir götürülən şəxs İndoneziyanın Yava adasından olan 49 yaşlı kişidir. Ukraynanın dövlət layihəsi olan “Yaşamaq istəyirəm”in məlumatına əsasən, o, Rusiya ordusunun hücumunda iştirak etmək üçün Zaporojye vilayətinə göndərilib.
Lakin onun olduğu qrup pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldıqdan sonra həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçə bilib. Bundan sonra ukraynalı hərbçilər onu əsir götürüblər.
Məlumata görə, 2026-cı ilin ilk doqquz ayı ərzində Rusiya Ukraynaya qarşı müharibədə döyüşmək üçün təxminən 283 İndoneziya vətəndaşını hərbi xidmətə cəlb edib. Müqayisə üçün qeyd olunur ki, əvvəlki üç il ərzində bu ölkədən Rusiya ordusuna cəlb olunanların sayı 10 nəfərdən çox olmayıb.
Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün başqa ölkələrin vətəndaşlarını da cəlb edir. Fevral ayında Keniyanın kəşfiyyat xidmətləri 1000-dən çox ölkə vətəndaşının Moskvanın tərəfində döyüşmək üçün orduya cəlb edildiyini açıqlamışdı. Uqanda, Cənubi Afrika, Yəmən və digər ölkələrdən olan şəxslərin də cəbhəyə göndərildiyi bildirilir.
Bu ay İndoneziya hakimiyyəti Moskvanı öz vətəndaşlarının Rusiya ordusuna cəlb edilməsinə yol verməməyə çağırıb. Bu müraciət oktyabr ayında Rusiya Silahlı Qüvvələrində xidmət edən bir İndoneziya vətəndaşının öldüyü barədə məlumatdan sonra edilib.
Qeyd edək ki, Ukraynanın “Yaşamaq istəyirəm” layihəsi xarici vətəndaşların Rusiya ordusuna cəlb edilməsi ilə bağlı məlumatları açıqlayır. Layihə Rusiya hərbçilərinə və Rusiya ordusuna qoşulmuş əcnəbilərə döyüş meydanını təhlükəsiz şəkildə tərk etmək və təslim olmaq imkanı da təklif edir.