“Göy Məscid İrəvan xanlığı dövründə inşa edilmiş tarixi Azərbaycan abidəsidir. Onun hansı ölkənin maliyyəsi ilə rekonstruksiya olunması tarixi mənsubiyyətini dəyişmir”.
Bunu Modern.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, məscid İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə, 1765–1766-cı illərdə tikilib:
“Göy Məscid, Göy Cami və Hüseynəli xan məscidi adları ilə tanınan bu abidə İrəvan şəhərinin müsəlman əhalisinin əsas dini və ictimai mərkəzlərindən biri olub. Memarlığında Səfəvi dövrünün xüsusiyyətləri əksini tapır. Abidənin Azərbaycan tarixindəki yeri İrəvan xanlığının Azərbaycan xanlıqlarından biri olması ilə bağlıdır”.
Pərvanə Vəliyevanın sözlərinə görə, sovet dövründə məscidin dini fəaliyyəti dayandırılıb, bina muzey və digər dünyəvi məqsədlər üçün istifadə olunub:
“Ermənistan müstəqilliyini əldə etdikdən sonra məscidin yenidən dini fəaliyyətə açılması məsələsi gündəmə gəlib. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarılıb. 1995-ci ildə İranla Ermənistan arasında imzalanmış müqaviləyə əsasən, İran hökuməti rekonstruksiya xərclərini öz üzərinə götürüb. İşlər İranın xeyriyyə fonduna həvalə olunub və tamamlama işləri 2006-cı ildə başa çatdırılıb”.
Deputat hesab edir ki, aparılan bərpa və yenidənqurma işləri zamanı abidənin ilkin memarlıq xüsusiyyətləri və tarixi-mədəni özünəməxsusluğu dəyişdirilib:
“Göy Məscidin orijinal memarlıq xüsusiyyətləri farslaşdırılıb. Hazırda Ermənistan rəsmilərinin abidəni xarici qonaqlara “Fars məscidi” kimi təqdim etməsi onun Azərbaycan irsinə mənsubluğunun kölgədə saxlanılmasına xidmət edir. Bərpanı maliyyələşdirmək abidənin tarixi kimliyini dəyişmək üçün əsas ola bilməz”.
Pərvanə Vəliyeva vurğulayıb ki, Göy Məscidin adının və tarixi mənsubiyyətinin fərqli təqdim olunması tarixin saxtalaşdırılmasıdır:
“Bu cəhdlər Ermənistanda azərbaycanlılara məxsus irsin sistemli və məqsədyönlü şəkildə məhvinə, mənsubiyyətinin dəyişdirilməsinə və saxtalaşdırılmasına yönəlmiş siyasətin tərkib hissəsidir. Göy Məscid azərbaycanlılara məxsus tarixi abidədir. Ona yeni ad verməklə tarixini və Azərbaycan xalqına mənsubluğunu silmək mümkün deyil”.