Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 7-də paytaxtın Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Biləcəri qəsəbəsində isə 6 kV-luq "Biləcəri-1" və "Biləcəri-2" hava xətlərində yenidənqurma işləri aparılacaq.
Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələri, Parlament prospektinin bur hissəsində və Qanlı gölün ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Biləcəri qəsəbəsi, Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat 10:00-dan 16:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.
Bununla yanaşı, bir sıra rayonlarda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir və yenidənqurma, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
Ağdərə Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq bir neçə hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 17:00-dək rayonun bir sıra yaşayış məntəqələrində, eləcə də Aşağı Oratağ, Yuxarı Oratağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Goranboy EŞ-yə daxil olan 10 kV-luq "Yolqulular" hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 11:00-dan 16:00-dək Yolqulular kəndini əhatə edəcək.
Göyçayın Alıkənd, Çərəkə, Hüngütlü, Xəlitli, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mallı Şıxlı, Mırtı, Yalman, Yeniarx kəndlərinin bir hissəsində bəzi 10 kV-luq hava xətlərinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqələrində (KTM) yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində təmir işləri icra olunacaq. Bu zaman Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.