Modern.az

474 itkin şəxsin sümük qalıqlarında xəsarətlər aşkarlanıb

474 itkin şəxsin sümük qalıqlarında xəsarətlər aşkarlanıb

Ölkə

Bu gün, 09:58

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti məhkəmə-molekulyar genetik ekspertiza vasitəsilə müəyyənləşdirilib. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslər arasında 15 qadın və 2 azyaşlı var.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günündə keçirilən panel sessiyada bildirib.

Onun sözlərinə görə, indiyədək Qarabağın işğaldan azad edilmiş ərazilərindən Birliyə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları daxil olub.

Ədalət Həsənov qeyd edib ki, laborator müayinələrdən keçən 474 şəxsə məxsus sümük qalıqlarında müxtəlif həyati xəsarətlər, o cümlədən güllə, qəlpə və küt alət xəsarətləri aşkar edilib.

Skelet qalıqlarının məhkəmə-tibbi müayinəsi başa çatdıqdan sonra hər bir skeletin bir neçə nahiyəsindən, xüsusilə sağlam dişlərdən bioloji nümunələr götürülür. Həmin nümunələr şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Genetik Araşdırmalar Mərkəzinə göndərilir.

Birlik direktoru bildirib ki, identifikasiya prosesi tamamlandıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir.

“273 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının tövsiyəsi və iştirakı ilə ailələrə təhvil verilib, onlar milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 225 nəfəri hərbçi, 48 nəfəri isə mülki şəxsdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlı olub”, – deyə Ədalət Həsənov vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər