Modern.az

Təhsil müəssələrində tənəffüs vaxtının dəyişdirilməsi təklif olunur

Təhsil müəssələrində tənəffüs vaxtının dəyişdirilməsi təklif olunur

Təhsil

Bu gün, 13:18

Məktəb və universitetlərdə tənəffüslərin qısa olması narazılıq yaradır. Şagirdlər və tələbələr dərslər arasında dincəlməyə, yemək yeməyə və şəxsi ehtiyaclarını qarşılamağa kifayət qədər vaxt tapmadıqlarını bildirirlər. 

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlama verib:

“Orta ümumtəhsil məktəblərində tənəffüslərin beş dəqiqə olması çox azdır. Şagirdlər bu müddət ərzində rahat şəkildə dincəlməyə, əl-üzünü yumağa, su içməyə və ya digər şəxsi ehtiyaclarını qarşılamağa vaxt tapmırlar. Bəzən müəllimlərin sinifdən gec çıxması da tənəffüs müddətinin daha da qısalmasına səbəb olur. Hesab edirəm ki, orta ümumtəhsil məktəblərində tənəffüslər minimum 10 dəqiqə olmalıdır”, – deyə təhsil eksperti bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübəni, o cümlədən Türkiyə və Avropa ölkələrinin təhsil sistemlərini araşdırıb və mövcud vəziyyəti müqayisə edib. Ekspert qeyd edib ki, Türkiyədə tənəffüslərin 10 dəqiqə olması nümunə kimi götürülə bilər. Azərbaycanda isə dərs cədvəlinin sıxlığı və ikinci növbənin təşkili tənəffüslərin müddətinin artırılmasını çətinləşdirən amillərdən ola bilər. Xüsusilə yeddi dərs keçirilən günlərdə tənəffüslərin uzadılması ikinci növbənin başlanma vaxtına və məktəbdə şagird axınının tənzimlənməsinə təsir göstərə bilər.

Təhsil eksperti bildirib ki, şagirdlərin diqqətini uzun müddət eyni səviyyədə saxlamaq çətin olduğundan dərs prosesində istirahət fasilələrinə xüsusi diqqət yetirilməlidir. Onun fikrincə, 40–45 dəqiqə davam edən dərslərdə müəllim yeni mövzunun izahını hissələrə bölməli, qısa fasilələr və diqqəti yenidən cəmləməyə kömək edən üsullardan istifadə etməlidir. Ekspert vurğulayıb ki, şagirdlərin dərslər arasında kifayət qədər dincəlməsi onların növbəti dərsə daha yaxşı hazırlaşmasına kömək edə bilər.

R. Nurəliyev qeyd edib ki, universitetlərdə də tənəffüslərin müddəti yenidən nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, ali təhsil müəssisələrində dərslərin 80–90 dəqiqə davam etməsinə baxmayaraq, 10 dəqiqəlik fasilə tələbələrin istirahəti və auditoriyalar arasında hərəkəti üçün kifayət etmir. Xüsusilə böyük universitet binalarında bir mərtəbədən digərinə keçmək müəyyən vaxt tələb edir. Avropa ölkələrinin bəzi universitetlərində isə fasilələr 15–20 dəqiqə, bəzi hallarda daha uzun olur. Bununla belə, kampusların yerləşməsi və universitetlərin infrastrukturu nəzərə alınaraq, hər bir təhsil müəssisəsində uyğun tənzimləmə aparılmalıdır.

“Düşünürəm ki, orta ümumtəhsil məktəblərində tənəffüslər minimum 10 dəqiqə, universitetlərdə isə minimum 15 dəqiqə olmalıdır. Ali təhsil müəssisələrində böyük tənəffüsün 20 dəqiqə təşkil etməsi də məqsədəuyğun olardı. Əsas məsələ şagird və tələbələrin istirahətinə, şəxsi ehtiyaclarını rahat şəkildə qarşılamasına və növbəti dərsə hazırlaşmasına kifayət qədər vaxt ayrılmasıdır”, – deyə o söyləyib.

Nicat Rüstəm

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi