Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqlarının, beynəlxalq təşkilatların əməkdaşlarına, eləcə də onlarla birlikdə yaşayan ailə üzvlərinə qeydiyyat vəsiqələrinin verilməsi və rəsmi səfər vizalarının rəsmiləşdirilməsi qaydalarının dəyişdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qeyd olunan şəxslər Azərbaycanda 15 gündən artıq müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Qeydiyyata alınan şəxslərə Azərbaycandakı statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək.
Qeydiyyat vəsiqələrinin fərdi qaydada hazırlanması və verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək. Həmin şəxslər barədə məlumatlar Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək.
Qanun layihəsində rəsmi səfər vizasının diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların müvafiq əməkdaşlarına, onlarla birlikdə yaşayan ailə üzvlərinə, eləcə də Azərbaycana diplomatik və beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilməsi qaydalarının dəqiqləşdirilməsi də nəzərdə tutulur.
Bundan başqa, həmin şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılmasının yeni viza verilməsi qaydasında həyata keçirilməsi təklif edilir.
Qanun layihəsi səsə çıxarılıb və birinci oxunuşda qəbul edilib.