İranın neft naziri vəzifəsini icra edən Həmid Bovard Rusiya ilə İran arasında Azərbaycan ərazisindən qaz nəqlinə dair sazişin hazırlanmasının son mərhələyə çatdığını açıqlayıb.
“İndi texniki məsələlər həll edilməlidir və bundan sonra saziş hazır olacaq”, – deyə iranlı rəsmi bildirib. Bovard Azərbaycan ərazisindən keçəcək qaz kəməri vasitəsilə tədarükün yaxın vaxtlarda başlanacağına ümid etdiyini vurğulayıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da oktyabrın 16-da layihə çərçivəsində mövcud qaz infrastrukturu və kompressor stansiyalarının texniki imkanlarının qiymətləndirildiyini bildirmişdi.
Rus qazının Azərbaycan vasitəsilə İrana keçməsinin hansı dvidentləri gətirəcəyi maraq doğurur.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Rus qazının Azərbaycan ərazisi vasitəsilə İrana nəqli, ilk növbədə, ölkəyə əlavə tranzit gəlirlərinin daxil olması baxımından əhəmiyyətlidir:
"Azərbaycanın əlverişli coğrafi mövqeyi region ölkələri arasında nəqliyyat və enerji bağlantılarının qurulmasına geniş imkanlar yaradır. Bu baxımdan, Rusiya ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yükdaşımaların həcminin artması fonunda həmin əməkdaşlığın enerji sahəsini də əhatə etməsi xüsusi əhəmiyyət daşıyır".

Deputatın fikrincə, enerji tranzitinin genişlənməsi Azərbaycanın regional iqtisadi əlaqələrdə rolunu artırmaqla yanaşı, ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsinə də töhfə verə bilər:
"Eyni zamanda, ərazimizdən keçən nəqliyyat və enerji dəhlizlərinin sayının artması Azərbaycanın tranzit imkanlarını genişləndirir, regional əməkdaşlığı təşviq edir və qarşılıqlı iqtisadi asılılıqları gücləndirir. Bütün bunlar isə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əlavə imkanlar yaradır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov vurğulayıb ki, şimaldan cənuba daşınan yüklərin artması Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərin artmasına gətirib çıxaracaq:
"Azərbaycan Şimal - Cənub dəhlizi vasitəsilə həm yüklərin, həm də digər enerji yüklərinin daşınmasında maraqlıdır. Çünki nəticə etibarilə bu, Azərbaycan üzərindən daşınan yüklərin, o cümlədən enerji məhsullarının həcmini artırır. Azərbaycan eyni zamanda şimaldan cənuba doğru uzanan dəhlizlərin genişlənməsinə xüsusi töhfə verir. Burada həm infrastruktur, həm də maliyyə dəstəyindən söhbət gedir. Bütün bunlar onu göstərir ki, şimaldan cənuba daşınan yüklərin artması Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərin artmasına gətirib çıxaracaq".

Parlamentari qeyd edib ki, həmçinin dövlətin valyuta gəlirlərində də artım olacaq:
"Prezident tərəfindən beynəlxalq yükdaşımaların artırılması ilə bağlı hədəflər müəyyənləşdirilib. Orta Dəhliz vasitəsilə daşınan yüklərin 25 milyon tona qədər artırılması, eyni zamanda, digər nəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaların həcmlərinin artırılması istiqamətində ölkə başçısı tərəfindən konkret strateji hədəflər müəyyənləşdirilib. Ona görə də Rusiya və İran arasında belə bir anlaşma reallaşarsa və rus qazı İrana Azərbaycan üzərindən nəql olunarsa, bu, təbii ki, dövlət, eləcə də beynəlxalq yükdaşımalarından əldə edilən valyuta gəlirlərinin artmasına gətirib çıxaracaq. Çünki bütövlükdə Şimal-Cənub dəhlizi Hindistana qədər uzanır. Dəhliz artıq özündə yüklərin və enerjinin daşınmasını ehtiva edir. Təbii ki, Azərbaycan üzərindən daşınan yüklərin həcminin artması gəlirlərimizin artmasına xüsusi zəmin yaradır".