İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Modern.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 7 ailə olmaqla 30 nəfər, Quzeyxırman kəndinə 17 ailə olmaqla 71 nəfər köçürülüb.
Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Xovavəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Öz yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
***
08:30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Modern.az xəbər verir ki, Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb.
Bu mərhələdə ümumilikdə 73 ailə – 271 nəfər doğma yurduna qayıdır.
Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə – 1 nəfər köçürülüb.
Xocalı rayonunun Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər köç edib.
Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, rayonun Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.