Öncəki parlament seçkilərindən fərqli situasiyalarla yadda qalan builki seçki marafonunun özəlliklərindən biri də informasiya-kommunikasiya texnologiyalarından maksimum yararlanmağa cəhdlərin olmasıdır.
Bəzi deputatlığa namizədlər real həyatda olduğu kimi, virtual aləmdə də ciddi mübarizə aparırlar. Bu seçkilərdə ilk dəfə olaraq geniş şəkildə və bütün dairələr üzrə bir neçə İnternet resursunda səsvermələr təşkil edilib.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin namizədləri arasında da rəqabət təkcə əyalətdə deyil, həm də İnternetdə gedir.
Bu dairədə 7 namizəd var: YAP-ın vahid namizədi, Texniki Universitetin kafedra müdiri, hazırki deputat Astan Şahverdiyev, təqaüdçü-müsavatçı Sərvər Mehdiyev, AXCP-nin təşəbbüs qrupunun işsiz namizədi Məhəmməd Məcidli, Müsavatın işsiz namizədi İzzət Məmmədov, QHT sektorunda çalışan bitərəf Xalisə Şahverdiyeva, hüquq məsləhətxanasında vəkil köməkçisi işləyən Eyvaz Səfiyev və ictimai fəaliyyətlə məşğul olan Tariyel Vəliyev.
Maraqlıdır ki, bu dairədə mübarizə aparan 7 namizəddən 5-i eyni kənddəndir. Yuxarıdakı siyahıda adları qeyd olunan ilk 5 namizəd Cəbrayılın ən böyük kəndindən – Böyük Mərcanlıdandır.
İnternet resurslarındakı səsvermələrdə real vəziyyət bu dairədə YAP-ın namizədinin rəqiblərini hələki qasbaqladığını göstərir.
Belə ki, dairənin hazırki deputatı Astan Şahverdiyev namized.com-dakı səsvermədə 43.9 faiz, secki2010.info resursundakı səsvermədə 31 faiz, 1news.az saytında isə 60 faiz səslə digər namizədləri geridə qoyur. Onu bütün resurslardakı səsvermədə ikinci yerdə gələn Xalisə Şahverdiyeva izləyir.
Bu, virtual aləmdəki rəqabətin göstəriciləridir. 7 noyabrda səsvermənin nəticələri kimin xeyrinə olacaq, onu da əsl seçicilər müəyyənləşdirəcəklər.
Modern.az