
Xəzər...!!!
Adına neçə-neçə mahnılar, şeirlər, xatirələr yazılıb.
Amma düz 5 gün öncə artıq taleyinə bədbəxt yazı yazıldı. “Günəşli” platformasındakı bədbəxtlik. Ailələri gözü yaşlı, yas içində, gözü yolda qoyan amansız bədbəxtlik...
Kəlbəcər rayonunun Kilsəli kəndində doğulub-boya başa çatan İman Neft-Kimya İnstitutuna qəbul olunandan sonra taleyini Bakı ilə bağlamalı olur. Energetika mühəndisliyi ixtisası üzrə təhsil alan İman Qasımov tələbəlik illərində Bakıda gəzdiyi, hər dəfə seyrinə çıxdığı Xəzərin bir gün onu amansızcasına öz ağuşuna alacağını hardan biləydi...

Bu gün İman Qasımovun ailəsi, övladları, yaxınları hələ də onun Xəzər sularında batmasına inana bilmir, bu qara xəbəri qəbul edə bilmir.
"Günəşli" platformasındakı bədbəxt hadisə nəticəsində dənizdə itkin düşən İmanın ailəsinin dərdinə şərik olmaq, onların bu kədərini bölüşmək üçün Qasımovlar ailəsinə yollandıq.
Bizi İman Qasımovun kiçik qardaşı Səməd Qasımov qarşıladı... Səmədlə ilk görüşən andan artıq evdəki ab-hava haqqında təəssürat yarandı.
Səməd binanın pilləkənlərini çıxa-çıxa mərtəbələri, hətta evin, mənzilin qapısını çaş-baş salırdı. Arabir deyirdi: “Ehh... artıq başımızı da itirimişik. İman bizə dağ çəkdi”.
Danışa-danışa gözləri dolurdu...Bəzən deyirlər ki, kişilər ağlamaz...Səməd sankı bu deyimlə, canından artıq istədiyi qardaş itkisi arasında çabalayırdı.
Doğrusu onun bu halını görüb deməyə söz tapmırdım. Verəcəyim suallar beynimdə donurdu...
Evə çatdıq...Bir otaqda qadınlar, birində isə kişilər yığışmışdı...Sanki artıq yas ab-havası duyulurdu...
Amma yenə də ilk təəssüratdan ailənin, yaxınların, qohumların hamısının ümidləri qalırdı, ümidlər üzülməmişdi. Çünki axı İman tapılmamışdı...İtkin idi... Elə bir kişi idi ki, 2 qız, 2 oğul övladını və öz həyat yoldaşını buraxıb getməzdi...
İman Qasımovun böyük oğlu atasını göz yaşları içərisində, qəhərini saxlaya bilməyərək anlatmağa başlayır : “Atam noyabr ayının 21-i dənizə getməzdən qabaq sığorta kartını vermişdi mənə. Sanki artıq baş verəcək hadisəni öncədən hiss etmişdi.
Anama dedi ki, "Arzu, işdir başıma nəsə bir iş gəlsə, burda pul var, götürərsən". İnanın, işə gedəndə dedi ki, bu dəfə nəsə getmək istəmir. Sanki ayaqları tutulmuşdu.
Amma onu da deyim ki, atam dənizi çox sevirdi. Dənizssiz qala bilmirdi. Dəniz onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi.
Qapıdan çıxanda qayıdıb arxaya - anama baxdı, nəsə söz demək istədi. Amma demədi, çıxıb getdi...
Hadisə günü saat 10-ə qədər anamla danışıb. Axırda isə anam o mesajları yazıb. Dənizdə dalğa başlayanda atam anama dənizi çəkib şəklini və öz şəkini də göndərib. Bacım oğlunun, İsmayılın şəklini istəyib. Onu hədsiz çox sevirdi. Anam da bacım oğlunun şəklini göndərib atama. Atam da özünün iki şəklini anama göndərib ki, bacım oğluna göstərsin”.
İslam atasının sonuncu dəfə işə çıxdığı günü belə xatırlayır : “Axırıncı gün mən işdə gecə növbəsindəydim. Atamı sonuncu dəfə gördüyüm işə gedəndən əvvəl olub.
Noyabr ayının 27-si bacımın, dekabrın 1-i isə atamın ad günü idi. Atamı mesaj yazıb təbrik etdim. İstəyirdi ki, atam ayın 7-si gələndən sonra iki ad gününü bir yerdə qeyd edək. Moskvada universitetə qəbul olunmuşam. Tələbə biletimi almağımı səbirsizliklə gözləyirdi. Deyirdi ki, "gəlim çıxım, qeyd edəcəyik". Bacımın da ad günü olacaqdı. Deyirdi ki, ayın 7-də gəlim, ikisni də bir edək. Ayın 6-sı bacımın da uşağı dünyaya gəldi. Amma atama qismət olmadı bu nəvəsini görmək.Televiziyada da sağ qalanların danışığına baxdıq. Onlar deyirlər ki, əynində jilet olanlar sağ qala bilib. Amma kimlərin ki, əyinlərində jilet olmayıbsa, dalğa onları götürüb aparıb. Bir də ki, küləyin sürətinin saatda 30 km olduğunu deyilir. Amma sürət 54 olub”.
İmanın Qasımovun kiçik qardaşı Səməd Kəlbəcərin işğalından sonra Bərdədə məskunlaşıb: “Mən Bərdə rayonunda yaşayıram. Bu qara xəbəri mənə onun ailəsi xəbər verdi. Amma ən birinci özü axşam saat 5-in yarısı dənizin şəklini çəkib və telefonla da mesaj yazıb. İman deyib ki, dənizdə vəziyyət pisdir. Dalğa var. Axşam saat 10-ə qədər yoldaşının İmanla əlaqəsi olub. Sonuncu mesajı isə belə olub: “Arzu, salamat qal, mən getdim. Mənim əvəzimdən uşaqlara atalıq elə”.
İman Qasımovun böyük qardaşı Rafiq Qasımov da danışdıqca, sanki ürəyi parçalanır, gözləri yaşla dolurdu, səsi əsim-əsim titrəyirdi: “ Mən evdə idim. Televiziyadan eşitdim ki, “Günəşli” yatağında partlayış olub. Getdim "Xətai" metrostansiyasına. Camaat yığılmışdı ora. Maraqlandım ki, görüm İmana nəsə olub. Əvvəlcə dedilər ki, yalnız 3 nəfər xəsarət alıb. Elə də ciddi bir şey yoxdur. Lakin sonradan vəziyyət dəyişdi. Səhər isə bildik ki, batıblar. “Günəşli” yatağı alışıb-yanır.
Dəhşətə gəlmişəm. İndi də inana bilmirəm, İmanın yoxluğuna. Bizi yarımcan qoydu getdi İman. Onsuz çətindir, dözülməzdir bizə. Həyatının 32 ilini dənizə, neft sahəsinə həsr etdi. Amma belə, olacağını bilməzdik”.
Ömrünün 22 ilini İmanla bir yerdə neft sənayesində işləyən həm uşaqlıq dostu, həm də bacısının həyat yoldaşı Natiq Mirzəyev öz dostu haqqında danışdıqca hönkür-hönkür ağlamağa başladı: “Mən İmanın 22 il bir yerdə iş yoldaşı olmuşam. Həm də ki, İmanın bacısı mənim həyat yoldaşımdır. Biz İmanla uşaqlıqdan bir yedə böyümüşük. İndi də inana bilmirəm ki, İmanın başına bu hadisə gəlib. Çünki İman gözəl insan, gözəl qohumdur. Öz işini sevən, əqidəsinə sadiqdir, İman. Hər dəfə söz düşəndə deyirdi ki, "mən dənizssiz qala bilmərəm. Dəniz məni çəkir, mən işimi sevirəm. Başqa işdə işləyə bilmərəm"”.
İman Qasımovun yaxın qohumu olan Sənan Hüseynov da İman haqqında danışarkən onların əslinin-nəslinin Kəlbəcərdə sayılıb-seçilən nəsillərdən olduğunu söylədi : “İmangilin ailəsi, nəsli kənddə ən hörmətli, izzətli nəsillərdən biri olub. Onların ailəsindəki övladların hamısı Kəlbəcər rayonuna, Kilsəli kəndinə nümunə olublar. 50-60 evdən ibarət olan Kilsəli kəndindən 8-10 nəfər neftçi çıxıb. İmanın rəhmətlik böyük qardaşı da neftçi olub. Bu kənd həmişə xeyirdə-şərdə bir olub. İman da 32 il neft sahəsində işləyib. O, öz işinə çox bağlı olub. Axırda da həyatını dənizə, neft sahəsinə qurban verdi” .
İman Qasımovun oğlu atasının şəkillərini də təqdim etdi bizə.

Evdəki yaxınlar, qohumlar İmanın şəkllərinə baxmaqla sanki özlərinə təskinlik, təsəlli vermək istəyirdilər. Amma onların qəmli, kədərli, qüssəli gözləri sanki deyirdi : “İman, ay İman, axı sən niyə bizə belə dağ çəkdin? Bizi niyə bu hala saldın ?”.
Elə bil onlar İman Qasımovdan xatirə qalan şəkillərlə danışırdılar...
İslam qəhərdən boğula-boğula, kədərlə atasıyla arasında olan ata-oğul münasibətlərindən də danışıb: “Atamla aramızda həmişə pərdə olub. O mənə həm ata, həm də dost idi.
İnanmaq istəmirəm bu xəbərə. İnanmıram...
Hələ indi ümid edirəm ki, atam qayıdacaq. Sanki ürəyimdə elə bir hiss var ki, atam sağdır. Elə bu dəqiqə qapıdan içəri girəcək. Tez-tez atamın nömrəsini yığıram. Amma zəng getməmiş əlaqə kəsilir. Hərdən düşünürəm ki, təki şikəst də olsa, yarımcan da olsa, qayıtsın. Yetər ki, bilək ki, sağdır, yanımızdadır”.
İslam, bildirdi ki, sosial şəbəkələrdə bəzi adamlar atasının son mesajı ilə bağlı qeyri-real, şübhə dolu şərhlər yazır : “Sosial şəbəkələrdə atamın anama yazdığı son mesajlara bəzi qeyri-ciddi münasibət bildiriən insanlar, deyirlər ki, güya bu mesajlar fırıldaqdır, həmin anda insan o mesajları necə yaza bilər?
Amma həmin insanlara bildirmək istəyirəm ki, toxun acdan nə xəbəri olsun ki ? Atam artıq vəziyyətin pis olduğunu görüb, son kəlmələrini yazıb getdi...”.
İman Qasımovun faciə öncəsi ailəsinə göndərdiyi son şəkillər...



Ağa Akifoğlu