Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Modern.az Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı real hadisələrdən bəhs edən daha bir neçə maraqlı əhvalatı təqdim edirik:
***
Biz tərəfdə bir kişi vardı, adını çəkmək istəmirəm. Çox qorxaq adam idi. Gecə evdən tək çıxa bilməzdi.
Soyuq, qaranlıq qış gecələrinin birində o, həyətə subaşına çıxmaq istəyir, amma qorxur. Arvadını məcbur edir ki, onunla çölə çıxıb yanında lampa tutsun.
Kişinin işi uzun çəkir, əlində lampa tutan arvad isə soyuqdan tir-tir əsir. Kişi dillənir:
- Arvad!
Soyuqdan dişləri bir-birinə dəyən arvad öləzimiş səslə cavab verir:
- Həəə, nə var?
Kişi deyir:
- Deyirəm nə oğurluğa getməli havadır…
***
Biz Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda tələbə yoldaşım, istedadlı müğənni Qulu Əsgərov dirijorluqdan dərs deyən İsrafilzadənin dərsinə girməzdi.
Bir dəfə İsrafilzadə dəhlizdə onu yaxalayıb deyir:
- Qulu, sən mənim dərsimə bir dəfə də girməmisən, imtahanda sənə qiymət yazmayacağam.
Qulu Əsgərov onunla razılaşır:
- Haqlısınız müəllim, gərək bir dəfə sizin dərsə girəm.
***
60-cı illər idi. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov İrandan gəlmiş hökumət nümayəndələrinə “İnturist”də qonaqlıq verirdi. Əbülfət Əliyev, mən, bir də tarzən Məmmədağa Muradov çalıb-oxuyurduq, rəqqasə Roza Cəlilova da rəqs edirdi.
Çıxışlarımız iranlı qonaqların çox xoşuna gəldi, yaxşıca əl çaldılar, bizi geninə-boluna təriflədilər.
Qonaqlıqdan sonra orda olan Filarmoniyanın direktoru, bəstəkar Tofiq Quliyev də razılıqla bizə yaxınlaşıb dedi:
- Çox sağ olun uşaqlar, başımızı uca etdiniz! Sabah əvəzini çıxacam. Siz ki bu qədər yaxşı çalıb-oxuyursunuz, niyə solist kimi ilişib qalmısınız Filarmoniyada. Sabah əmr verib hamınızı işdən çıxardacağam. Gedin “Azkonsert”də çıxış edin, özünüzə yaxşı pul qazanın! Nə qədər ştatda qalıb dövlətin qəpik-quruşuna göz dikəcəksiniz!
Elə bildik Tofiq müəllim zarafat edir.
Ertəsi gün hamımız Filarmoniyadan işdən azad olunduq.
***
Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, “Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm”.
O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:
- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?
O, dedi:
- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi...
Modern.az