Modern.az

Heykəllərin günahı nə...

Heykəllərin günahı nə...

Ölkə

3 Dekabr 2010, 14:49

Heykəl - Təsviri incəsənətin bir nümunəsi,  həcmli formaya malik bərk və ya plastik materialdan hazırlanır.

Heykəllərin əsas janrları — həcmli portret, tarixi, məişət, simvolik, аlleqorik təsvirlər və heyvan təsvirlərinin verilməsidir.

Heykəllərin bədii hazırlanması - həcmli formanın verilməsi, plastik modelləşdirilmə, siluetin hаzırlanması və hətta heykəlin rənginin veriməsi sayılır.

Bunlar hamısı giriş üçün idi, sözgəlişi, əslində məqsədimiz nə heykəllərə tərif verməkdir, nə də onların bədiiliyindən, yaxud materialından danışmaq. Sadəcə, tarixi və tarixi şəxsiyyətləri özündə yaşatmaqla bahəm, şəhərə xüsusi yaraşıq və tarixilik bəxş edən heykəllərə baxımdan danışmaq istəyirik. Daha doğrusu baxımsızlıqdan.

Yolumun üstündə Nəriman Nərimanovun adına xudmani bir bağ var, Nərimanov prospektində. Hər gün işə gedib-gələndə o bağın yanından keçirəm. Sağ olsun düşünüb qərar verən də, iş icraçısı da, əvvəlki vəziyyətilə müqayisədə indi bağı əməlli-başlı səliqəyə salıblar. Oturub seyr edib, dincəlmək də olar, amma gərək başını qaldırıb yuxarı, heykələ tərəf baxmayasan. Baxdınsa, təkcə iştahan küsməyəcək, əgər bir az səliqə-səhmanı da sevənsənsə, həyata küsəcəksən. Yazıq heykəlin çiyinlərində elə bil yüzilliyin batdağı var. “Spora düşsən” o çiyinləri şumlayıb buğda əkmək olar, hərçənd heykəlin materialı buna yol verməməli idi. İş ondadır ki, material nədəndir, bəlli deyil, görünən yalnız palçıqdır, heykəl ondan yapılmışa oxşayır. Buğda əkmək olar, çünki ilham şairi Səməd Vurğunun, Nəsiminin, C.Cabbarlının heykəllərindən fərqli olaraq Nəriman Nərimanovun çiyinlərini quşlar özlərinə...məskən etməyiblər.  

Ağlıma gəldi ki, görəsən, şəhərdə başqa heykəllər də bu gündədir? Qarşıma çıxan bütün heykəllər eyni vəziyyətdədir. Özü də eyni anormal mənzərə -hamısının ətrafı gül-çiçək, yaşıllıq, işıqlandırma sistemləri, amma heykəllər özləri görməli gündə deyil. Güman ki, gecə vaxtı romantik işıq zolaqlarında heykəllərin çirkabı da “gözəl” görünür.

Paradoksa baxın, Bakı gün-gündən cazibəsini artırır, binaların təmizlənməsi, üzərində gizli işıqlandırma sistemləri füsünkardır və bunların fonunda ədiblərimizin, tarixi şəxsiyyətlərimizin üstünü çirkab, mamır, quş peyini basmış heykəlləri...

Şəhərə gələn xarici qonaq şütüyən xarici marka maşınlara, bahalıqdan od tutub yanan firma mağazalarına baxmağa gəlmir. Özümüzü olmasa da, onu bizim tariximiz, mədəniyyətimiz maraqlandırır. Qonaqda yaranan təəssüratı bir anlıq xəyalıma gətirəndə saçlarımda səhərki “ukladkadan” əsər-əlamət qalmadı.

Təsəvvür edin ki, Dəmir yol vağzalından qonaq şəhərə tərəf istiqamət götürdü.  İlk gördüyü Cəfər Cabbarlı ilə Səməd Vurğunun heykəlləri olacaq.

Qar, yağış, külək, Bakının tozanağı hamısı onların çiyinlərindədir. Quşlar da daha münasib yer tapmırlar elə bil...  Camaat da postamentdən reklam şiti kimi istifadə edir. Nizami, Füzuli, M.F.Axundov, Sabirin heykəlləri eyni gündədir.
Dərd əlindən dağa çıxan, ətrafdakıların da bəxtəvərlik oxuduğu Füzulinin heykəli süddən kəsilmiş uşaq kimi küskün görünür.  Bu heykələ indi heç kim “bəxtəvər yaylağa çıxıb” deyə bilməz. Ömür boyu yaşadıqları əzablar indi onun çiyinlərinə enib elə bil, qranitləşmiş lığma formasında.

Məncə, bəsdir. Bir onu xatırlatmaq qalır ki, Mədəniyyət və Turizm Nazirliyində bu işlərə baxan müvafiq idarə var - Abidələrin Qorunması və Bərpası Baş İdarəsi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı