Modern.az

Məhərrəmlik başlayıb

Məhərrəmlik başlayıb

Ölkə

7 Dekabr 2010, 09:53


Bu gün Hicri Qəməri təqvimi ilə İslamın birinci ayı-Məhərrəm başlayıb. Bu ayın Aşura günü isə dekabrın 16-a təsadüf edir. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.    
Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətvasında bildirilib ki, müsəlman ümmətinin tarixinə ən acı, lakin, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Qazilər Şurası bəyan edib ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

QMİ Aşura günü rəhmdillik və insanlara kömək əlaməti olaraq, dindarları qan verməyə çağırıb. “Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn əleyhissəlam naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır…
… Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əziz tutan xalqımız sıx birləşərək torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda daha artıq əzmkarlıq nümayiş etdirəcəkdir, inşaallah”-deyə fətvada bildirlib.

Təzəpir məscidinin axundu Hacı Faizin sözlərinə görə, Məhərrəm ayında baş verən Kərbəla faciəsi İslam dininin tarixinə düşən ən acı və kədərli, eyni zamanda şərəfli bir hadisədir. Onun fikrincə, bu ayda İmam Hüseynin həyat və mübarizəsinin yad edilməsi təkcə matəm xarakteri daşımır, həm də müsəlmanları bəd əməllərdən çəkindirir, onları haqq-ədalətə, şəhidlərə ehtirama səsləyir.
Hacı Faizin sözlərinə görə, Məhərrəm ayı müddətində toy, şənlik, nişan mərasimlərinə, əyləncələrə fasilə verilməsi təkcə həzrəti imam Hüseynin ruhuna deyil, bütün şəhidlərin xatirəsinə hörmət və ehtiramı ifadə edir.
Hacı Faizin fikrincə, təziyə günlərində, Aşura mərasimində bədəndən qan çıxarmaqla özlərinə xəsarət yetirənlərin əməli düzgün addım deyil, bunu təlqin edənlər isə xurafatla məşğul olanlardır:
«Bəzən xurafatla məşğul olanlar bildirilər ki, Aşura günündə mütləq zəncirvurma, sinədöymə, başyarma, bədəndən qançıxarmaq əmələllri həyata keçirilməldir. Amma heç bir yerdə heç nə yazılmayıb ki, həmin hərəkətlər hökmən edilməlidir». Hacı Faiz deyib ki, Məhərrəm haram ay kimi qəbul olunduğundan onun davam etdiyi müddətdə toy-düyün və digər xeyir iş görülməsi məsləhət deyil. Axundun sözlərinə görə, sınanılıb ki, həmin ərəfədə şadlıq edənlər xeyir görməyiblər.

Modern.az-ın məlumatına görə, Bakıdakı restoran və şadlıq evləri də Məhərrəm ayı müddətində sifarişlərin qəbulunu müvəqqəti dayandırıblar. Məhərrəm ayı müddətində spirtli içkilərin də satışının zəifləyəcəyini ehtimal edilir.   

Mail Ağaxanov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı