Modern.az

Aliment qərarlarının tanınması asanlaşdırılır

Aliment qərarlarının tanınması asanlaşdırılır

Parlament

Bu gün, 12:24

Yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment qərarlarının digər dövlətlərdə tanınması və icrası daha da asanlaşdırılır.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”da əksini tapıb.

Sənədə əsasən, Konvensiyaya edilən dəyişikliklər yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasına dair məhkəmə əmrlərinin iştirakçı dövlətlərdə tanınmasını təşviq etməyə yönəlib. Bu məqsədlə bir sıra maddələrə “məhkəmə əmri” anlayışı əlavə edilir və hüquqi mexanizmlər dəqiqləşdirilir.

Dəyişikliklərə görə, Konvensiyanın 6-cı və 51-ci maddələrində müvafiq əlavələr edilir, 53-cü maddə yeni redaksiyada təqdim olunur. Yeni qaydalara əsasən, alimentlə bağlı qərar və ya məhkəmə əmrinin məcburi icrası üçün müraciət həm icra olunacaq dövlətin səlahiyyətli məhkəməsinə, həm də qərarı çıxaran məhkəməyə təqdim edilə bilər.

Eyni zamanda, icra proseduru ilə bağlı tələb olunan sənədlərin siyahısı da konkretləşdirilir. Bu sənədlərə məhkəmə qərarı və ya əmrin təsdiqlənmiş surəti, onun qanuni qüvvəyə minməsi barədə arayış, tərəflərin məhkəməyə çağırılması ilə bağlı sübutlar və digər hüquqi sənədlər daxildir.

Bundan başqa, sənədlərin təqdim olunduğu dövlətin dilinə və ya rus dilinə təsdiqlənmiş tərcümə ilə verilməsi tələbi də müəyyən edilir.

Dəyişikliklər çərçivəsində 55-ci maddəyə əlavə edilən yeni bəndə əsasən, məhkəmə əmri borcluya müvafiq qaydada təqdim olunmadıqda və ya göndərilmədikdə, bu hal icra prosesində nəzərə alınacaq.

Protokol ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. Sənədə sonradan digər dövlətlərin də qoşulması mümkün olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu