ABŞ-ın Massaçusets ştatının sahillərində betonla doldurulmuş avtomobil təkərlərindən süni rif yaradılıb. 1978-ci ildə inşa edilən bu qurğu onilliklər keçməsinə baxmayaraq, bu gün də müxtəlif dəniz canlıları üçün yaşayış məkanıdır.
Modern.az xəbər verir ki, süni Yarmut rifi Massaçusets Dəniz Balıqçılığı İdarəsinin əməkdaşları tərəfindən Keyp-Kod körfəzinin dibində, təxminən 10 metr dərinlikdə yaradılıb.
İlk mərhələdə 51 hektara yaxın ərazini əhatə edən rifin tikintisində 600 beton moduldan və təxminən 1500 avtomobil təkərindən istifadə olunub. Təkərlər üç-beş ədəd olmaqla birləşdirilib və dayanıqlığı artırmaq üçün betonla doldurulub.
Sonrakı illərdə rif genişləndirilib. 1994-cü ildə əlavə 1000 konstruksiya yerləşdirilib, 2014 və 2020-ci illərdə isə əraziyə yeni tikinti materialları, beton konstruksiyalar və qranit bloklar əlavə edilib.
Zamanla rif dəniz canlıları üçün əlverişli yaşayış mühitinə çevrilib. Burada qara dəniz xanısı, omarlar və dəniz ulduzları aşkarlanıb. Tədqiqatlar göstərib ki, konstruksiyalar arasındakı boşluqlar və sığınacaqlar canlıları cəlb edir.
Bununla belə, sonradan süni riflərin yaradılmasında avtomobil təkərlərindən istifadədən imtina edilib. Onların əvəzinə beton, təbii daş və xüsusi hazırlanmış konstruksiyalara üstünlük verilib.
Floridada isə süni rif ekoloji fəlakətə çevrilib
Oxşar layihə ABŞ-ın Florida ştatında tamamilə fərqli nəticə verib. 1970-1980-ci illərdə Oseborn süni rifinin yaradılması məqsədilə okeanın dibinə 2 milyondan çox avtomobil təkəri atılıb.
Lakin təkərləri birləşdirən neylon kəndirlər və polad sıxaclar fırtına və qasırğalara davam gətirməyib. Nəticədə təkərlər dağılaraq dənizin dibində hərəkət etməyə başlayıb və təhlükəli tullantılara çevrilib.
Bu təkərlər yaxınlıqdakı təbii mərcan riflərinə zərər vuraraq dəniz ekosisteminə ciddi təhlükə yaradıb.
Yalnız 2007-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin dalğıcları, eləcə də könüllülər təkərlərin sudan çıxarılması üçün genişmiqyaslı əməliyyata başlayıblar. Buna baxmayaraq, təkərlərin əhəmiyyətli hissəsi hələ də Florida sahillərində qalır.
Hər iki layihənin təcrübəsi göstərib ki, süni riflərin yaradılmasında düzgün layihələndirmə və dayanıqlılıq əsas şərtlərdir. Massaçusets nümunəsi belə qurğuların dəniz canlıları üçün faydalı ola biləcəyini, Florida təcrübəsi isə düzgün planlaşdırılmayan layihələrin ciddi ekoloji fəsadlara yol aça biləcəyini ortaya qoyub.