Dünya futbolunda bəzi əfsanəvi oyunçular karyeralarını başa vurduqdan və ya vəfat etdikdən sonra onların şərəfinə geyindikləri forma nömrələri dövriyyədən çıxarılıb. Bu nömrələr artıq həmin futbolçuların xatirəsinin və klublarının tarixinin simvoluna çevrilib.
Modern.az xəbər verir ki, bu ənənə bir sıra məşhur klublarda tətbiq olunur.
Maradona – “Napoli”də 10 nömrə
Dieqo Maradona 1984-1991-ci illərdə çıxış etdiyi “Napoli”nin tarixində xüsusi yer tutur. Onun rəhbərliyi ilə klub iki dəfə İtaliya çempionu olub, İtaliya Kubokunu və UEFA Kubokunu qazanıb.
1997-ci ildə Maradonanın şərəfinə 10 nömrəli forma əbədi olaraq dövriyyədən çıxarılıb. Argentina millisində də bu addımı atmaq istəsələr də, FİFA-nın qaydaları buna imkan verməyib.
Yohan Kruyff – “Ayaks”da 14 nömrə
Amsterdamın “Ayaks” klubu 2007-ci ildə Yohan Kruyffun 60 illik yubileyi münasibətilə onun geyindiyi 14 nömrəni əbədiləşdirib. Bundan başqa, klub 2017-ci ildə ağır beyin zədəsi alan yetirməsi Əbdülhəq Nurinin şərəfinə 34 nömrəni də istifadədən çıxarıb.
“Milan” – Barezzi və Maldininin nömrələri
İtaliyanın “Milan” klubu iki əfsanəvi futbolçusunun nömrəsini dövriyyədən çıxarıb.
Franko Barezzi 1997-ci ildə karyerasını bitirdikdən sonra 6 nömrəli forma əbədiləşdirilib. Paolo Maldininin 3 nömrəsi isə 2009-cu ildə istifadədən çıxarılıb. Bununla belə, klub Maldininin oğullarından biri əsas komandada oynayacağı təqdirdə həmin nömrənin yenidən istifadəsinə icazə verə biləcəyini açıqlayıb.
“İnter” – Faketti və Zanettinin nömrələri
“İnter” də iki əfsanəsinin nömrəsini əbədiləşdirib.
Cakinto Fakettinin 3 nömrəsi onun 2006-cı ildə vəfatından sonra, Xavyer Zanettinin 4 nömrəsi isə 2014-cü ildə dövriyyədən çıxarılıb. Zanetti klubun heyətində 858 rəsmi oyuna çıxıb.
Diogo Jota – “Liverpul”da 20 nömrə
2025-ci ilin iyulunda avtomobil qəzasında həyatını itirən portuqaliyalı futbolçu Diogo Jotanın şərəfinə “Liverpul” 20 nömrəli formanı əbədiləşdirib. Bu qərar klub tarixində ilk belə hadisə olub. Qərar həm kişi və qadın komandalarına, həm də akademiyanın bütün yaş qruplarına şamil edilib.
Bekenbauer – “Bavariya”da 5 nömrə
Münhen təmsilçisi 2024-cü ildə əfsanəvi futbolçusu Frans Bekenbauerin şərəfinə 5 nömrəli formanı dövriyyədən çıxarıb. Bu, klub tarixində ilk belə qərar olub.
Dario Srna – “Şaxtyor”da 33 nömrə
Donetsk klubunun sabiq kapitanı Dario Srnanın şərəfinə 2018-ci ildə 33 nömrəli forma əbədiləşdirilib. Xorvatiyalı müdafiəçi klubda 15 mövsüm keçirib, 536 rəsmi oyunda iştirak edib və 26 titul qazanıb.
Messinin 10 nömrəsi də əbədiləşdiriləcək?
Argentina millisində Lionel Messidən sonra 10 nömrəli formanı kimin geyinəcəyi hələ məlum deyil. Baş məşqçi Lionel Skaloni bu qərarı tələsik vermək istəmədiyini bildirib.
Bununla yanaşı, futbol tarixində nömrələrin istifadədən çıxarılmadığı, lakin uzun müddət başqa oyunçular tərəfindən seçilmədiyi hallar da var.
Məsələn, “Roma”nın əfsanəsi Françesko Tottinin karyerasını bitirməsindən sonra 10 nömrə rəsmi olaraq dövriyyədən çıxarılmayıb. “Barselona”da isə Messinin gedişindən sonra həmin nömrəni əvvəlcə Ansu Fati, 2025-ci ildən etibarən isə Lamin Yamal geyinir.
Messinin Argentina millisindəki 10 nömrəsinin gələcək taleyi isə hələ də açıq qalır.