Azərbaycanda son 20 ildə insan alverinə görə 660 nəfər məsuliyyətə cəlb edilib, onlardan 561-i qadın olub.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, 2005-2025-ci illərdə insan alverinə görə məhkəmə məsuliyyətinə cəlb edilən şəxslərin sayı ümumilikdə 660 nəfər təşkil edib.
Onlardan 561-i qadın, 99-u isə kişi olub. Statistikaya əsasən, insan alverinə görə məsuliyyətə cəlb edilənlərin təxminən 85 faizini qadınlar təşkil edib.
Hesabatda qeyd olunub ki, insan alverinə görə məsuliyyətə cəlb edilən şəxslərin sayı 2005-ci ildə 1, 2006-cı ildə 23, 2007-ci ildə 93, 2008-ci ildə 91, 2009-cu ildə 76, 2010-cu ildə 39 nəfər olub.
Sonrakı illərdə bu göstərici azalmağa başlayıb. Belə ki, 2011-ci ildə 20, 2012-ci ildə 22, 2013-cü ildə 17, 2014-cü ildə 26, 2015-ci ildə 32, 2016-cı ildə 36 nəfər məsuliyyətə cəlb edilib.
Sənədə əsasən, 2017-ci ildə 33, 2018-ci ildə 34, 2019-cu ildə 30, 2020-ci ildə 21, 2021-ci ildə 13 nəfər insan alverinə görə məhkəmə məsuliyyətinə cəlb olunub.
2022-ci ildə bu göstərici 15, 2023 və 2024-cü illərdə 14, 2025-ci ildə isə 12 nəfər təşkil edib.
Hesabatda həmçinin bildirilib ki, 2025-ci ildə Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alveri cinayətinə görə 11 nəfərə azadlıqdan məhrumetmə cəzası verilib, daha 3 nəfər barəsində isə şərti cəza tətbiq olunub.