Modern.az

Vərəsələrin nəzərinə: Bölünə bilməyən torpaqlar satılacaq

Vərəsələrin nəzərinə: Bölünə bilməyən torpaqlar satılacaq

Parlament

Bu gün, 10:00

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı yeni hüquqi mexanizmlər yaradılır, torpaqların bölünməsinə isə əlavə məhdudiyyətlər tətbiq olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılması məqsədilə hazırlanıb. Layihəyə əsasən, Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə olunur və kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası anlayışı hüquqi cəhətdən müəyyənləşdirilir.

Sənədə əsasən, torpaqların konsolidasiyası kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, eləcə də torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi prosesini əhatə edəcək. Bu zaman ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin də həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı zamanı həmin sahə ilə birbaşa sərhəddə yerləşən torpaq sahələrinin mülkiyyətçilərinə üstünlük hüququnun verilməsi də əksini tapıb. Eyni zamanda, torpaq parçalanmasının qarşısını almaq məqsədilə belə torpaqların alqı-satqısı və digər özgəninkiləşdirilməsi nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol veriləcək.

Layihədə vərəsəlik zamanı kənd təsərrüfatı təyinatlı torpaqların bölüşdürülməsi qaydaları da sərtləşdirilir. Belə ki, torpağın vərəsələr arasında bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə icazə veriləcək. Bölgü mümkün olmadıqda isə torpaq onun üzərində yerləşən təsərrüfatla birlikdə satılacaq və vərəsələr paylarını pul şəklində alacaqlar.

Bundan başqa, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara da dəyişikliklər təklif olunur. Dəyişikliklər konsolidasiya prosesinin texniki və hüquqi mexanizmlərinin tənzimlənməsini, konsolidasiya ilə bağlı bölgü sənədinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sənədlər siyahısına daxil edilməsini nəzərdə tutur.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!