Təxminən 80 il əvvəl Böyük Britaniyanın Baş naziri Uinston Çörçil parlament binasının memarlıq üslubunun, deputatların necə oturacağını, zaldakı məsafələri, hətta otağın ölçüsünün belə siyasi qərarların qəbuluna, debatların keyfiyyətinə və parlament mədəniyyətinə təsir edən, dövlət idarəçiliyinin ayrılmaz hissəsi hesab edirdi.
1941-ci ildə alman bombardmanları nəticəsində Böyük Britaniya parlamentinin aşağı palatası, – İcmalar Palatası dağıdıldıqdan sonra ölkədə yeni parlament binasının necə tikilməli olduğu ilə bağlı geniş müzakirələr başladı. Bir çoxları müasir memarlıq həllərini, daha geniş və yarımdairəvi zalın inşasını təklif edirdi. Çörçil isə bu yanaşmaya qarşı çıxırdı. Onun fikrincə, məsələ parlament demokratiyasının necə işləyəcəyindən gedirdi.
1943-cü il oktyabrın 28-də parlamentdə etdiyi məşhur çıxışında Çörçil memarlığın siyasi institutlara təsiri barədə bu gün də aktuallığını qoruyan bir tezis irəli sürdü:
“Biz əvvəlcə binalarımızı formalaşdırırıq, sonra isə binalar bizi formalaşdırır”.

Çörçil bu sözü ilə siyasi institutların yalnız qanunlar və ənənələr üzərində deyil, həm də fiziki məkan üzərində qurulduğunu deməyə çalışırdı. Onun fikrincə, insanların bir-biri ilə necə ünsiyyət qurması, fikir ayrılıqlarını necə ifadə etməsi və kompromisə necə gəlməsi müəyyən mənada həmin məkanın memarlığından asılıdır.
Məhz buna görə də Çörçil İcmalar Palatasının əvvəlki quruluşunun saxlanılmasını müdafiə edirdi. O hesab edirdi ki, Britaniya parlamentinin uzunsov, düzbucaqlı zalı təsadüfi seçilməyib. Hakimiyyətlə müxalifətin bir-birinin tam qarşısında əyləşməsi parlamenti sadəcə səsvermə məkanından çıxarıb, açıq siyasi debat meydanına çevirir. Onun fikrincə, yarımdairəvi zallar konsensus yaratmaq baxımından əlverişli görünə bilər, lakin onlar siyasi məsuliyyəti və fikir toqquşmasını zəiflədə bilər.
Çörçil parlament zalının ölçüsünə də xüsusi əhəmiyyət verirdi. O bütün deputatların eyni vaxtda yerləşə biləcəyi böyük zal ideyasını dəstəkləmirdi. Onun arqumenti maraqlı idi: böyük zalların əksəriyyəti demək olar ki, həmişə yarıboş görünür və bu, parlament debatlarının enerjisini azaldır. Daha kiçik məkan isə deputatların mühüm müzakirələrdə bir araya gəlməsinə, çıxışların daha canlı və məsuliyyətli atmosferdə keçirilməsinə şərait yaradır.
Çörçilin parlament memarlığı ilə bağlı fikirləri uzun illər siyasi nəzəriyyənin maraqlı nümunəsi kimi qəbul edilirdi. Lakin son onilliklərdə memarlıq, psixologiya və neyroelm sahəsində aparılan araşdırmalar göstərir ki, insanların qərarları, davranışları və emosional vəziyyəti həqiqətən də yaşadıqları və işlədikləri məkanlardan təsirlənir.

Fransız filosof Qaston Başlyar 1958-ci ildə nəşr olunan "Məkanın poetikası" əsərində evi yaşanılan yerdən çox, insanın daxili aləmini formalaşdıran ilk məkan kimi təsvir edirdi. Onun fikrincə, insanın uşaqlıq xatirələri, təhlükəsizlik hissi, qorxuları və təxəyyülü yaşadığı evlə sıx bağlıdır. Başlyar yazırdı ki, ev insanın "ilk kainatı"dır və məkan yaddaşı insan psixologiyasının ayrılmaz hissəsidir.
Filosof evin müxtəlif hissələrinin belə insan şüurunda fərqli mənalar yaratdığını irəli sürürdü. Onun fikrincə, çardaq işıq, məntiq və düşüncənin simvolu olduğu halda, zirzəmi qeyri-müəyyənlik, qorxu və şüuraltı instinktlərlə əlaqələndirilir.

Bu yanaşma daha sonra məşhur psixiatr Karl Qustav Yunqun şüur və şüuraltı haqqında nəzəriyyələri ilə də səsləşirdi.
Məkanın insan davranışına təsiri təkcə fəlsəfi mülahizə olaraq qalmayıb. Memarlıq psixologiyası sahəsində aparılan tədqiqatlar göstərir ki, gün işığı, tavanın hündürlüyü, pəncərələrin mövcudluğu, rənglər və otaqların planlaşdırılması insanların qərarvermə qabiliyyətinə, məhsuldarlığına və emosional vəziyyətinə təsir edir.
Bu istiqamətdə ən çox istinad olunan araşdırmalardan biri amerikalı memarlıq tədqiqatçısı Rocer Ulrixə məxsusdur. O, xəstəxanada aparılan müşahidələr zamanı pəncərəsi ağaclara baxan xəstələrin divara baxan xəstələrə nisbətən daha tez sağaldığını, daha az ağrıkəsici qəbul etdiyini və tibb personalı ilə daha müsbət ünsiyyət qurduğunu müəyyən etmişdi. Sonradan bu tədqiqat xəstəxana memarlığında "sağaldıcı məkan" konsepsiyasının yaranmasına təsir göstərdi.

Məkanın insan davranışına təsirini ən yaxşı nümayiş etdirən nümunələrdən biri də müasir ticarət mərkəzlər, - MALL-lardır. Bir çox iri alış-veriş mərkəzləri insanın mağazada daha uzun qalmasını təmin etmək üçün xüsusi layihələndirilir. Pəncərələrin və saatların olmaması, dolaşıq keçidlər, vahid hərəkət marşrutları və məhsulların yerləşdirilmə prinsipi təsadüfi seçim deyil. Bu yanaşma memarlıqda "Qruen effekti" kimi tanınır və istehlakçı davranışını istiqamətləndirmək məqsədi daşıyır. Maraqlıdır ki, məkanın insan davranışına təsiri müxtəlif cəmiyyətlərdə eyni şəkildə özünü göstərmir. Məsələn, Özbəkistanda ənənəvi və mühafizəkar həyat tərzi səbəbindən insanların bir qismi alış-veriş mərkəzlərini sosial məkan kimi deyil, yalnız zərurət yarandıqda istifadə edilən obyekt kimi qəbul edir. Gündəlik həyat daha çox məhəllə mağazaları, bazarlar və ailə mühitində cərəyan etdiyindən, MALL mədəniyyəti Qərb ölkələrində olduğu qədər geniş yayılmayıb. Bu da göstərir ki, memarlığın və məkanın insan davranışına təsiri cəmiyyətin mədəni dəyərləri ilə qarşılıqlı şəkildə formalaşır.
Fransız antropoloqu Mark Oje isə bu prosesə başqa prizmadan yanaşır. O, hava limanları, iri ticarət mərkəzləri və beynəlxalq otellər kimi məkanları "məkansız yerlər" adlandırır. Ojenin fikrincə, belə məkanlar insanlarda aidiyyət hissi yaratmır. Burada tarix, kimlik və sosial münasibətlər arxa plana keçir, insan isə daha çox bilet nömrəsi, pasport və ya bank kartı ilə tanınan anonim fiqura çevrilir.

Bütün bunlar Çörçilin səkkiz onillik əvvəl səsləndirdiyi fikrə yeni məna qazandırır. O, parlament binasının memarlığının siyasi davranışa təsir etdiyini deyirdi. Müasir tədqiqatlar isə göstərir ki, bu təsir parlamentlə məhdudlaşmır. Məktəblər, xəstəxanalar, ofislər, evlər, muzeylər və hətta alış-veriş mərkəzləri belə insanların düşüncə tərzinə, qərarlarına və gündəlik davranışına təsir göstərən amillərdən biridir.
Başqa sözlə, memarlıq eyni zamanda insanın dünyanı necə hiss etməsinə, necə düşünməsinə və necə davranmasına da təsir edir. Bəlkə də məhz buna görə Çörçilin "Biz əvvəlcə binalarımızı formalaşdırırıq, sonra isə binalar bizi formalaşdırırıq" fikri bu gün də aktuallığını itirməyib.
Arifə Kərimzadə