Ermənistanın hərbi strategiyasında diqqətçəkən dəyişiklik baş verir. İrəvan Azərbaycanın konvensional hərbi üstünlüyünü ənənəvi silahların sayını artırmaqla kompensasiya edə bilməyəcəyini anlayaraq, daha fərqli, asimmetrik müdafiə modelinə keçməyə çalışır.
Bu barədə Ermənistanda fəaliyyət göstərən, qərbyönümlü Təhlükəsizlik Mərkəzlərdən biriinin avqust ayında hazırladığı hesabatda geniş məlumat yer alıb.
Hesabatda göstərilir ki, Ermənistan Azərbaycanla tank, artilleriya və digər ənənəvi silahların sayında yarışa bilməz. Ona görə də daha ucuz, mobil və texnoloji vasitələrlə qarşı tərəfə daha böyük xərc yaratmağa çalışmalıdır. Burada əsas silah isə dronlardır.
Ermənistan “çox silah”dan “çox dron” modelinə keçir
Hesabatda qeyd edilir ki, Ermənistanın yeni hərbi doktrinasının əsas elementlərini kiçik kəşfiyyat PUA-ları, kamikadze sursatlar, ağır pilotsuz platformalar, radioelektron mübarizə vasitələri, rabitə sistemləri və dronlara qarşı mübarizə imkanları təşkil etməlidir. Bu yanaşmanın mühüm tərəfi odur ki, söhbət yalnız dron almaqdan getmir. Müasir müharibədə üstünlük bir neçə yüksək texnologiyalı pilotsuz aparat əldə edən tərəfin yox, itkiləri tez əvəz edə bilən, istehsalı genişləndirə bilən və texnologiyanı daim yeniləyə bilən tərəfin ola bilər. Başqa sözlə, Ermənistan üçün məqsəd təkcə dron parkı yaratmaqla məhdudlaşmır, əsas hədəf dron ekosistemi qurmaqdır.
Hesabatda bildirilənlərə görə, proses artıq başlayıb. Ermənistan əvvəlki sərt dövlət sifarişi modelindən özəl müdafiə startapları şəbəkəsinə keçməyə çalışır. 2024-2026-cı illərdə ölkədə formalaşmağa başlayan “dron ekosistemi” də məhz bu yanaşmanın nəticəsi kimi təqdim olunur.
Kəşfiyyat PUA-ları, FPV dronlar və kamikadze sursatların istehsalı ilə məşğul olan kiçik müəssisələrə maliyyə dəstəyi verilməsi Azərbaycan Ordusunun kəmiyyət üstünlüyünü kompensasiya etmək üçün əsas vasitələrdən biri kimi qiymətləndirilir.

Ermənistanın “dron xəritəsi” genişlənir
Hesabatda Ermənistanın bir sıra yerli şirkətlərinin fəaliyyət istiqamətləri də sadalanır. Bildirilir ki, “Davaro Defense Systems” müxtəlif mənzilli kamikadze sursatlar, FPV dronlar, yerüstü robot sistemləri və döyüş başlıqları istehsal edir. “Aerodynamics” 60 kilometrədək mənzili olduğu bildirilən kamikadze sursatlar hazırlayır və yük avtomobili bazasında eyni anda altı sursatın buraxılmasına imkan verən sistem yaradıb. “UAV LAB” orta və uzunmüddətli uçuş imkanlarına malik kəşfiyyat-zərbə platformaları üzərində çalışır. “Zeel Al” süni intellekt inteqrasiyalı, GPS olmadan vizual naviqasiya edə bildiyi və elektron susdurma şəraitində işləyə bildiyi bildirilən kamikadze sistemlər istehsal edir. “Feron” isə FPV döyüş dronlarının, o cümlədən fiber-optik kabellə idarə olunan versiyaların kütləvi istehsalında fəaldır. Bundan başqa, “AirWorker” və “IDS” şirkətlərinin də müxtəlif pilotsuz sistemlərin istehsal zəncirində iştirak etdiyi qeyd olunur. Bu siyahı göstərir ki, Ermənistanın dron siyasəti artıq ayrı-ayrı pilotsuz aparatların alınmasından daha geniş çərçivəyə keçir. Burada istehsal, proqram təminatı, süni intellekt, rabitə, elektron mübarizə və dronlara qarşı mübarizə sistemləri bir ekosistem kimi düşünülür. Hesabatda vurğulanır ki, qeyd edilən məsələdə ölkə hələ ciddi məhdudiyyətlərlə üz-üzədir. Xüsusilə FPV dronlarına olan real kəmiyyət tələbatının tam müəyyənləşdirilməməsi və müxtəlif pilotsuz sistemləri vahid kəşfiyyat-zərbə şəbəkəsində birləşdirəcək C4ISR sisteminin hələ inkişaf mərhələsində olması vurğulanır.
Üç eşelonlu müdafiə
Hesabatda Ermənistan üçün nəzərdə tutulan model üç eşelona bölünür.
Birinci eşelon 0-10 kilometr məsafəni əhatə edir. Burada əsas vasitə ucuz FPV dronlar və dron-tutucu sistemlərdir. Məqsəd artilleriya və hava hücumundan müdafiə sistemlərini qorumaq, eləcə də ehtimal edilən irəliləyiş zamanı piyada və zirehli texnikanın hərəkətini çətinləşdirməkdir.
İkinci eşelon 10-80 kilometr məsafəyə hesablanıb. Burada daha uzun müddət havada qala bilən FPV dronlar və kamikadze sursatlardan istifadə nəzərdə tutulur. Hədəflər təmas xəttindən arxadakı logistika və komandanlıq infrastrukturu, sursat anbarları, zirehli texnika, komandanlıq məntəqələri və təchizat mərkəzləridir.
Üçüncü eşelon isə uzunmənzilli strateji zərbə imkanlarıdır. Hesabatda bu mərhələdə “Şahed” tipli sistemlərlə müqayisə edilən kamikadze dronlardan danışılır. Bu eşelonda əsas diqqətin enerji və sənaye infrastrukturuna yönəldilə biləcəyini və bunun iqtisadi xərc yaratmaq məqsədi daşıdığını qeyd edirlər.
Hesabatda Ermənistanın Azərbaycanla müqayisədə geriliyi də önə çəkilir. Dron strategiyasının məqsədinin Azərbaycanın üstünlüyünü endirmək olduğu da bildirilir.
Görünən odur ki, Ermənistanın dron siyasəti klassik hərbi rəqabətdən fərqli yanaşmadır. Bir tərəf böyük və bahalı sistemlərə sahibdirsə, digər tərəf daha ucuz vasitələrlə həmin sistemlərin istifadəsini riskli və baha etməyə çalışır.
Bəs Ermənistan bu strategiya ilə Azərbaycanın üstünlüyünü aradan qaldıra bilərmi? Hesabatın özündə buna cavab kifayət qədər aydındır. Vurğulanır ki, hazırkı balans Azərbaycanın xeyrinə olaraq qalır. Bunun səbəbləri kimi Ermənistanın struktur və coğrafi zəifliklərini göstərilir.
Qeyd edilir ki, Ermənistanın dənizə çıxışının və geniş strateji dərinliyinin olmaması xarici təchizatçılardan asılılığı artırır. Azərbaycanın Ermənistanla sərhəd bölgələri nəzərə alınmaqla uzun sərhədin olması isə Ermənistan ərazisinin müxtəlif istiqamətlərdən təhdid altında qalması riskini yüksəldir. Zəngəzur kimi coğrafi baxımdan həssas ərazilərdə yol infrastrukturunun məhdudluğu da təminat imkanlarını çətinləşdirən faktor kimi təqdim olunur. Deməli, Ermənistan özü də başa düşür ki, dronlar Azərbaycanın ümumi hərbi üstünlüyünü dəyişdirməyəcək.
Buna görə hesabatda pilotsuz sistemlərlə yanaşı yüksək dəqiqlikli taktiki və əməliyyat-taktiki raketlərin də modernləşdirilməsi və sayının artırılmasının vacibliyi vurğulanır. Bu məqamda Hindistandan “Pralay” əməliyyat-taktiki raketlərinin alınması ilə bağlı yayılan məlumatlar da xatırladılır.
Paris faktoru

Ermənistanın yeni hərbi strategiyasında Fransa ilə əməkdaşlıq da xüsusi yer tutur. Hesabatda Fransa-Ermənistan münasibətlərini hərbi və hərbi-texniki əməkdaşlıq baxımından perspektivli istiqamət kimi qiymətləndirirlər. Burada vurğu silah alışına yönəlmir. Süni intellekt, qabaqcıl texnologiyalar, müdafiə sənayesi və yerli istehsal imkanlarının inkişaf etdirilməsi də gündəmdədir. Burada Fransanın KNDS şirkətinin Ukraynadakı fəaliyyət modelinin Ermənistanda tətbiqinin mümkünlüyündən danışılır.
Bu modelin mahiyyəti ondan ibarətdir ki, əvvəlcə texniki xidmət və dəstək verən yerli şirkət yaradılır, daha sonra sadə ehtiyat hissələrinin yerli istehsalına başlanılır, mürəkkəb komponentlər isə Avropadan gətirilir. Sonrakı mərhələdə yerli istehsalın payı artırılır. Belə yanaşma əslində, Ermənistanın müdafiə sənayesini təkcə xaricdən silah alan ölkə modelindən çıxarıb yerli istehsalçıya çevirmək cəhdi kimi qiymətləndirilməlidir.
Əsas dəyişiklik düşüncədədir
Ermənistanın yeni yanaşmasının ən diqqətçəkən tərəfi də budur. Söhbət “nə qədər tankımız var?”, “nə qədər artilleriyamız var?” suallarından getmir. Daha az resursla qarşı tərəfə necə riisk yaradıla bilməsi qarşıya qoyulub. Müasir müharibələrdə dronların rolunun artması bu yanaşmanı daha aktual edir.
Unutmaq olmaz ki, burada Azərbaycan üçün də mühüm mesaj var. Ermənistanın dron sənayesinin inkişafı avtomatik olaraq Azərbaycanın hərbi üstünlüyünün aradan qalxması demək olmayacaq. Hesabatda hazırki balansın Azərbaycanın xeyrinə olduğu etiraf edilir. O da vurğulanır ki, proses Azərbaycanın hərbi üstünlüyünün toxunulmaz olduğu anlamına da gəlmir.
Çünki hərbi üstünlük yalnız silahların sayı ilə ölçülmür. Texnologiyanın sürəti, istehsal qabiliyyəti, elektron müharibə, kəşfiyyat, süni intellekt, proqram təminatı, logistika və dronlara qarşı müdafiə də artıq döyüş meydanının əsas elementləridir.

Yeni təhlükə “böyük ordu” yox, kiçik dronlar olacaq
Hesabatdan çıxan əsas nəticə budur ki, Ermənistan Azərbaycanın gücünü öz gücü ilə ölçməyə çalışmır. Azərbaycanın gücünü başqa üsulla zəiflətməyə çalışır. Bu Ermənistan hərbi strategiyada ciddi dəyişiklikdir. Əgər əvvəlki yanaşma “Azərbaycan qədər güclü ordu yaratmaq” idisə, yeni yanaşma daha çox “Azərbaycanın gücünü effektiv istifadə etməsini çətinləşdirmək” üzərində qurulur.
Bu iki strategiya arasında böyük fərq var. Birincisi ciddi resurs tələb edir. İkincisi isə innovasiya. Gələcəyin müharibəsində ən təhlükəli silah ən bahalı silah olmayacaq. Ən ucuz olub ən böyük xərc yaradan silah olacaq. Ermənistanın dron strategiyası məhz bu məntiq üzərində qurulursa, Azərbaycan üçün əsas məsələ yalnız öz hərbi üstünlüyünü qorumaqla dayanmamalıdır. Həm də bu üstünlüyün gələcəyin müharibəsində necə qorunacağını düşünməkdir. Çünki müharibənin texnologiyası dəyişir. Dünən tankın sayı önəmli idisə, bu gün onu görən dronun sayı da daha vacibdir Sabahın aktual mövzusu isə kimin daha çox silahı var yox, kimin daha sürətli öyrənən, istehsal edən və uyğunlaşan müdafiə sistemi var olacaq.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub. Hətta torpaqları işğal altında olanda belə, sülhün alternativinin olmadığını hər fürsətdə masaya qoyub. Ancaq qarşı tərəf müharibə variantını buraxmayanda Azərbaycan öz gücünü göstərməyə məcbur oldu. Bu gerçəkliklər içindən keçən Azərbaycan birmənalı şəkildə sabahın suallrına da hazırdır.
Elnur ƏMİROV