Ukraynanın energetika naziri Denis Şmıqal Kiyevdə Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə nazir özü X hesabında paylaşım edib.
Qeyd edilib ki, Erkin Qədirli və Əlibala Məhərrəmzadə Şmıqalla görüş zamanı Bakı səfəri çərçivəsində Ukrayna nümayəndə heyətinin əldə etdiyi razılaşmalar, eləcə də iki ölkə liderləri arasında enerji sahəsində əməkdaşlığa dair qəbul edilən qərarların icrasını müzakirə edib.
Tərəflər həmçinin Azərbaycan şirkətlərinin Rusiya hücumları nəticəsində zərər görən Ukraynanın enerji infrastrukturunun bərpasında iştirak imkanlarını nəzərdən keçiriblər.
Bundan başqa, Ukrayna enerji sektorunda həlak olan əməkdaşların övladlarının reabilitasiyası ilə bağlı təşəbbüsün icrası istiqamətində işlərin davam etdiyi bildirilib.
D.Şmıqal "X" sosial şəbəkəsindəki paylaşımında Azərbaycanın Ukraynaya göstərdiyi ardıcıl dəstəyə və yardımına görə təşəkkür edib.