Ermənistanın yeni parlamentində deputatların fasilə zamanı harada və kimlərlə nahar etməsi diqqət çəkib. Hakimiyyət və müxalifət deputatlarının bu məsələdə də fərqli davranış sərgilədiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, yeni çağırış parlamentin fəaliyyətə başlamasından təxminən 12 gün keçməsinə baxmayaraq, deputatların gündəlik iş rejimində müəyyən ənənələr artıq formalaşıb.
Fasilələr zamanı parlamentin yeməkxanasında demək olar ki, bütün fraksiyaların nümayəndələrinə rast gəlmək mümkündür. Parlament sədrinin müavinləri Vaaqn Aleksanyan və Hayk Koncoryan da burada tez-tez nahar edirlər.
Qəzet yazır ki, yeməkxana deputatların qeyri-rəsmi ünsiyyət məkanına çevrilib. Müxtəlif siyasi qüvvələrin nümayəndələri iclas zalından kənarda burada daha sərbəst şəkildə ünsiyyət qururlar.
Hökumətdən parlamentə keçən Arayik Harutyunyanın da mütəmadi olaraq parlamentin yeməkxanasından istifadə etdiyi bildirilir. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları parlamentin açıq havadakı kafesində də tez-tez vaxt keçirirlər. Beləliklə, hakim fraksiya üzvləri üçün fasilə yalnız nahar deyil, həm də iş məsələlərinin qeyri-rəsmi şəraitdə müzakirəsi üçün fürsətə çevrilib.
Müxalif “Güclü Ermənistan” fraksiyasında isə vəziyyət fərqlidir. 29 nəfərlik fraksiyanın üzvləri fasilə zamanı əsasən birlikdə öz iş otaqlarında qalırlar. Hətta onların sifariş etdikləri yeməklər parlament yeməkxanasından birbaşa fraksiyanın otağına aparılır.
“Joxovurd” bunu yeni yaradılmış fraksiyanın parlamentin iş rejiminə hələ tam uyğunlaşmaması ilə əlaqələndirir. Bildirilir ki, deputatlar üçün ayrıca iş otaqlarının ayrılması məsələsi də tam həll olunmayıb. Buna görə 29 deputat hazırda vaxtlarının böyük hissəsini ümumi iş məkanında birlikdə keçirirlər.