Milli Məclisin bu gün keçiriləcək plenar iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, dəyişikliklər penitensiar xidmətin tibb bölmələrində hərbi qulluqçuların xidmət keçməsi qaydalarını və onların fəaliyyət göstərdiyi müəssisələri əhatə edir.
Layihəyə əsasən, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, həmçinin müəssisələrin mühafizəsi və saxlanılan şəxslərin müşayiəti üçün yaradılmış xüsusi bölmələrdə fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər.
Sənəddə tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydalarının “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər normativ hüquqi aktlarla tənzimlənməsi nəzərdə tutulur.
Dəyişikliklər, həmçinin ədliyyə orqanlarında xidmətlə bağlı bəzi müddəaların əhatə dairəsinin genişləndirilməsini və qanunvericilikdə dəqiqləşdirmələrin aparılmasını nəzərdə tutur. Belə ki, müvafiq maddələrdə hərbi qulluqçuların hüquqi statusunun nəzərə alınması, eləcə də məhkəmə ekspertizası idarəsinin qanunun əhatə etdiyi qurumlar sırasında göstərilməsi təklif olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.