Modern.az

Rusiya "Volqanın ağzını açmağa" məcburdur

Rusiya "Volqanın ağzını açmağa" məcburdur

Parlament

Bu gün, 14:55

Xəzər dənizində su səviyyəsinin sürətlə aşağı düşməsi fonunda Volqa çayının suyunun tənzimlənməsi və çaydan Xəzərə daxil olan suyun həcmi məsələsi aktuallığını qoruyur. Xəzərin su balansında həlledici rola malik olan Volqa üzərindəki hidrotexniki qurğular və su anbarlarında suyun tənzimlənməsi dənizin səviyyəsinin azalmasına təsir edən amillər sırasında göstərilir. Artıq problemin Rusiya limanlarının fəaliyyətinə də təsir etməsi məsələnin təkcə Xəzəryanı ölkələrin deyil, Moskvanın da birbaşa maraqlarına toxunduğunu göstərir.

Məsələ Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə daha da aktual görünür. Rusiya xarici işlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Moskva ilə Bakı arasında münasibətlərin dostluq və mehriban qonşuluq ruhunda inkişaf etdiyini və tərəflərin müttəfiqlik münasibətlərinin potensialını tam şəkildə reallaşdırmağa doğru getdiyini bildirib. Bu baxımdan Xəzərin ekoloji vəziyyəti, xüsusilə də Volqadan dənizə daxil olan suyun həcminin artırılması məsələsi iki ölkə arasında qarşılıqlı maraqlar əsasında müzakirə oluna biləcək praktiki istiqamətlərdən biridir.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Rasim Musabəyov bildirib ki, Volqa çayının sularının su anbarlarında toplanması nəticəsində Xəzərin səviyyəsinin daha da aşağı düşməsinin əziyyətini ilk növbədə Rusiya özü çəkir:

"Məhz Volqadakı tənzimləmələr nəticəsində hazırda Xəzərin ən dayaz hissəsi Rusiya tərəfdədir. Söhbət Rusiyanın Azərbaycan üçün hansısa addım atmasından getmir. Volqa ilə bağlı məsələyə baxmaq ilk növbədə Rusiyanın öz problemlərini həll etmək üçün lazımdır. Hazırda Rusiya limanlarına böyük yük gəmilərinin daxil olması mümkün olmur. Məcbur həmin gəmilər Dağıstan vilayətində Mahaçqala limanlarına keçir. Ona görə də, bu məsələlər hamı üçün çətinliklər yaradır".

Parlamentari vurğulayıb ki, Rusiya Volqa çayının tənzimləmələrinə yenidən baxmalıdır:

"Rusiya zəhmət çəksin, Volqa suyunun nizamlanmasında elə addımlar atsın ki, nə özü, nə də Xəzər sahilində yerləşən ölkələr üçün problemlər olmasın. Ona görə düşünürəm ki, MDB liderlər sammiti çərçivəsində Xəzərin ekologiyası ilə bağlı yüksək səviyyədə müzakirələr olmalıdır".

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun digər bir üzvü Azər Allahverənov isə qeyd edib ki, Xəzər dənizində su səviyyəsinin azalması bütün sahilyanı dövlətlər üçün ciddi problemlər yaradır:

“Ümumiyyətlə, Xəzər dənizində su səviyyəsinin sürətlə azalması Xəzəryanı dövlətlər üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, Xəzər dənizi hər beş sahilyanı dövlət üçün ayrı-ayrılıqda həyati əhəmiyyət daşıyan su hövzəsidir. Buna görə də hər bir dövlət bu məsələyə özünəməxsus şəkildə münasibət bildirir. Hazırda xüsusilə Azərbaycan, Türkmənistan və Qazaxıstanın bu problemlə bağlı narahatlığı daha qabarıq görünür. Rusiya və İran isə digər su ehtiyatları ilə yanaşı, açıq dənizlərə çıxış imkanlarına da malikdir. Bu baxımdan Xəzər dənizinin səviyyəsinin azalması həmin ölkələr üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanla müqayisədə nisbətən fərqli əhəmiyyət daşıyır. Lakin istənilən halda bu proses Rusiya və İrana da təsirsiz ötüşməyəcək”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı narahatlığını dəfələrlə ifadə edib.

Onun sözlərinə görə, problemin yaranmasında həm obyektiv, həm də insan fəaliyyəti ilə bağlı subyektiv amillərin rolu var:

“Obyektiv səbəblər sırasında qlobal istiləşmə və digər iqlim dəyişikliklərini qeyd etmək olar. Bununla yanaşı, suyun çirkləndirilməsi, Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərən müdaxilələr, ağır kimyəvi tullantıların dənizə axıdılması, eləcə də Volqa çayından Xəzərə daxil olan suyun həcminin azalması kimi amillər də mövcuddur”.

Azər Allahverənovun sözlərinə görə, Volqa çayı Xəzər dənizinin su balansına təsir edən əsas amillərdən biridir. O hesab edir ki, çaydan Xəzərə daxil olan suyun həcminin artırılması su səviyyəsinin azalması prosesini müəyyən qədər zəiflədə bilər:

“Rusiya ərazisində Volqa çayı üzərində bir sıra hidrotexniki qurğuların inşa edilməsi Xəzərə daxil olan suyun həcminə təsir göstərir. Bu şəraitdə iki dövlət arasında zaman-zaman danışıqların aparıldığını və Xəzər ətrafında yaranmış ekoloji vəziyyətlə bağlı məsələlərin gündəmə gətirildiyini görürük.

Burada ən böyük təsir imkanına malik amillərdən biri məhz Volqa çayıdır. Volqadan Xəzərə daxil olan suyun həcminin artırılması mövcud vəziyyəti müəyyən qədər yaxşılaşdıra və suyun azalması tempini zəiflədə bilər”.

O vurğulayıb ki, Rusiya tərəfinin Volqadan Xəzərə axan suyun həcminin artırılması istiqamətində zəruri tədbirlər görmək niyyəti problemin təsirlərinin azaldılmasına kömək edə bilər:

“Bu, əlbəttə ki, problemin 100 faiz həllini təmin edən mexanizm deyil. Lakin konkret tədbir kimi Xəzər dənizinin sürətlə qurumasının qarşısının alınmasına və prosesin müəyyən qədər tənzimlənməsinə imkan verə bilər”.

Deputat hesab edir ki, Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı Xəzəryanı dövlətlərin vahid mövqedən çıxış etməsi vacibdir:

“Xəzər dənizi ətrafında gedən proseslərə vahid mövqedən yanaşılması və birgə tədbirlərin görülməsi zəruridir. Hər bir dövlətin bu prosesə müsbət təsir göstərə biləcək imkanları nəzərdən keçirilməlidir. Təkcə obyektiv amillərin deyil, insan və texnoloji müdaxilələrin, eləcə də atmosferin və su hövzəsinin zərərli maddələrlə çirkləndirilməsinin qarşısı alınmalıdır.

Tarixə nəzər salsaq, Aral dənizi və Urmiya gölü kimi ekoloji faciələr göstərir ki, vaxtında qarşısı alınmayan mənfi proseslər son nəticədə çox ağır və dramatik fəsadlara gətirib çıxara bilər.

Xəzər dənizi bizim ümumi dəyərimizdir. Ona görə də hər bir Xəzəryanı dövlət öz imkanları çərçivəsində üzərinə düşən məsuliyyəti yerinə yetirməli və su səviyyəsinin kəskin azalmasının qarşısının alınmasına töhfə verməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi