Modern.az

Razi Nurullayev erməni deputatlarla görüşəcək - Eksklüziv

Razi Nurullayev erməni deputatlarla görüşəcək - Eksklüziv

Parlament

Bu gün, 15:28

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev noyabrın 9-da Vyanada erməni deputatlarla görüşəcək.

Bu barədə deputat özü Modern.az-a açıqlamasında məlumat verib.

“Həmin tədbirə Azərbaycandan digər partiyalar da dəvət olunacaq. Tam dəqiq məlumatım olmasa da, bilirəm ki, iqtidar partiyasına da dəvət göndərilməlidir. Mən dəvəti qəbul etmişəm. Yaxın günlərdə bununla bağlı Milli Məclisə müraciət edəcəyəm”, – deyə o bildirib.

Deputat görüşdə müzakirə olunacaq məsələlərdən də danışıb:

“Bütün xarici səfərlərimdə, o cümlədən Ermənistanın siyasi partiyalarının iştirak etdiyi tədbirlərdə Azərbaycanın maraqlarını qoruyuram. Bununla bağlı artıq formalaşmış gündəliyimiz var. Sülh gündəliyi də müzakirə olunub. İki ölkə arasında sülhə necə nail olmaq olar, bu istiqamətdə hansı maneələr var, onları aradan qaldırmaq üçün nə etməliyik və hər bir tərəfin üzərinə hansı vəzifələr düşür – bunları müzakirə edirik. Təbii ki, bəzən ermənilər öz mövqelərində qalırlar. Lakin görüşlər zamanı beynəlxalq təşkilatların da Azərbaycana meyilləndiyini görürəm”.

Razi Nurullayev bildirib ki, Azərbaycan sülh, delimitasiya və demarkasiya istiqamətində addımlar atıb, üçüncü ölkədən Ermənistana tranzitə qoyulan məhdudiyyətləri aradan qaldırıb:

“Azərbaycan həmişə ilk addımları atıb və Ermənistandan da eyni davranışı gözləyir. Bu gün normal olan münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Hazırda Azərbaycanda istər iqtidar partiyasının, istər dövlət qulluqçularının, istərsə də adi vətəndaşların mövqeyi birdir: Qarabağ Azərbaycandır. Bu mövqeyimizdən, milli maraqlarımızdan bir addım da geri çəkilməyəcəyik”.

Qeyd edək ki, ötən ilin iyununda Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Vyanada Azərbaycan və Ermənistanın siyasi partiyalarının nümayəndələri arasında görüş keçirilib. Görüşdə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılı, İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan və hakim Mülki Müqavilə Partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan iştirak ediblər.

Belə görüşlər Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə hər il keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!