Bu gün “Hilton” hotelində keçirilən beynəlxalq yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. Modern.az xəbər verir ki, Heydər Əliyevə həsr olunmuş qısametrajlı film nümayiş olunduqdan sonra tədbiri giriş sözü ilə Prezident yanında QHT Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev açdı. O, tədbir iştirakçılarını salamlayaraq, Heydər Əliyevin keçdiyi həyat yolundan danışdı. Daha sonra millət vəkili, yazar Elmira Axundova qalibləri mükafatlandırmaq üçün onları səhnəyə dəvət etdi.
Qeyd edək ki, beynəlxalq yazı müsabiqəsi 6 ölkənin nümayəndəsi ilə təmsil olundu.Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında bu tədbirin təşkil olunmasında ciddi təəssürat yaradıcı məqamlar olduğunu vurğuladı. “Heydər Əliyev Azərbaycan xalqının övladı olsa da, bir azərbaycanlı kimi dünyaya göz açsa da dünya siyasətinə töhfələr vermiş bəşəri bir siyasətçi, şəxsiyyət nüfuzu qazanıb”.
Deputat Azay Quliyev Modern.az-a açıqlamasında tədbirin xüsusi əhəmiyyətindən danışdı. “Bunun çox böyük əhəmiyyəti var. Azərbaycan ictimaiyyəti Azərbaycan xalqı həmişə öz Ulu öndərini qiymətləndirib, onun əməyinə yüksək qiymət verib. Eyni zamanda, hər bir azərbaycanlı qəlbində ümummilli liderə əbədi bir heykəl qoyub. Heydər Əliyev Azərbaycan miqyasında olan bir siyasətçi deyildi. Heydər Əliyev bütövlükdə dünya masştabında tanınan bir şəxsiyyət idi. Dünyanın ayrı-ayrı liderləri dəfələrlə Heydər Əliyevin siyasi məharətini, dünya görüşünü dövlətçilik missiyasını qeyd edib. Böyük hörmətlərini izhar ediblər. Buna görə də düşündük ki, təkcə ölkə daxilində deyil, xaricdə olan insanların rəyini, həmin ölkə jurnalistləri yazarlarını Ulu öndər haqqında xatirələrini müəyyənləşdirək, bir daha onu gündəmə gətirək. Bu məqsədlə biz beynəlxalq yazı müsabiqəsini elan etdik. Sizə deyim ki, gözlədiyimizdən də artıq maraq hiss etdik. Nəticədə bəlli oldu ki, doğurdan da Ulu öndəri bu ölkələrdə – Rusiyada, Qazaxıstanda Türkiyədə, Rumıniyada, Gürcüstanda, Ukraynada 20, 40 hətta 60 yaşlı insanlar da tanıyır və dəyər verirlər”.




Namidə Bingöl