Fəal QHT-ləri sıralarında birləşdirən QHT Əməkdaşlıq Alyansına üzvlüklə bağlı çox sayda müraciət daxil olub. Son günlər bu müraciətlər daha da intensivləşib və artıq müraciətlərin sayı 20-ni keçib. Bu müraciətlərdən bir neçəsi araşdırılıb və bununla bağlı qərar qəbul edilib. Belə ki, daha 5 təşkilatın Alyans sıralarında fəaliyyət göstərməsi müsbət qarşılanıb. Alyansdan Modern.az-a verilən məlumata görə, Dünya Azərbaycanlı Gənclərin Həmrəyliyi Cəmiyyəti (sədr Tofiq Əlizadə), “Zəngin Azərbaycan Uğrunda Mübarizə” İctimai Birliyi (sədr İradə Əliyeva), Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi (sədr Seymur Verdizadə), Uşaq və Tələbə-Gənclər Dünyası İctimai Birliyi (sədr Bəxtimşah Tağıyeva) və “Borçalı” İctimai Birliyinin (sədr Zəlimxan Məmmədli) müraciətləri dəyərləndirilib və bu təşkilatların fəaliyyəti, gördükləri işlərin masştabı nəzərə alınaraq, QHT Əməkdaşlıq Alyansının sıralarına qəbul ediliblər. Müxtəlif profilli bu təşkilatların fəaliyyətləri nəinki ölkənin daxilində, həm də ölkə xaricində Azərbaycanın təbliği, soydaşlarımızın problemlərinin öyrənilməsi və onların müdafiəsi ilə bağlı da bir sıra mühüm işləri əhatə edir. Eyni zamanda hesab edilib ki, bu təşkilatlar gələcək fəaliyyətləri ilə Alyansın ümumi işinə də böyük töhfə verəcəkdir.
Eyni zamanda QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin Reqlamentinə əlavə və dəyişikliklər edilib. Reqlamentdə olunan əlavə və dəyişikliklərə əsasən, həmsədrlərin sərəncamı ilə “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədov Alyansın icra katibi təyin edilib.
Modern.az