Milli Məclisinin bugünkü iclasında məhkəmə hakimlərinin təsdiq edilməsi ilə bağlı müzakirələrdə çıxış edən İqbal Ağazadə siyasi motivlərlə həbs olunduğu iddia edilən Tofiq Yaqublu, İlqar Məmmədov və Yadigar Sadıqov barədə həbs qəti-imkan tədbirinin dəyişdirilməsini təklif edib. Modern.az xəbər verir ki, İqbal Ağazadə bildirib ki, hakimlərin ciddi şəkildə prokurorluqdan asılı vəziyyətə düşüblər.
Deputat qeyd edib ki, məhkəmə hakimləri həbs olunanlar barədə 2 aylıq həbs qəti-imkan tədbiri seçirlər. Onun sözlərinə görə, belə tələsiklik düzgün deyil. Hakimlər bu məsələyə ciddi yanaşmalıdırlar. Siyasi motivlərlə həbs qəti-imkan tədbirinin seçilməsi daha çox nəzərə çarpır.
İ. Ağazadə son günlərdə həbs olunmuş Müsavat başqanının müşaviri Yadigar Sadıqov barədə danışaraq bildirib ki, araşdırılmadan haqqında həbsə qərar verilib. “Həbs tədbiri ştatla işləyən birinin onun üzünə durması nəticəsində baş verib”. İ. Ağazadə məhkəmə hakimlərini bu məsələni araşdırmağa çağırdı. “Azərbaycan məhkəmələrində diqqət yetirilməlidir ki, necə olur ki, eyni adamlar müxtəlif işlərlə bağlı şahid qismində ifadə verirlər”.
Deputat hakimlərin əmək haqlarının qaldırılması təklifini dəstəkləyib.
Modern.az