Modern.az

“Hər kəs qanun çərçivəsində cəzalandırılacaq” - Mikayıl Cabbarov

“Hər kəs qanun çərçivəsində cəzalandırılacaq” - Mikayıl Cabbarov

Təhsil

16 Sentyabr 2013, 13:50


“Bu gün təhsil sistemində tətbiq edilən həvəsləndirmə sistemi tam optimal deyil. Buna görə də nazirlik bu istiqamətdə addımlar atmalıdır”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, qeyd edib ki, ümumilikdə təhsil sistemində həvəsləndirmə sisteminin mükəmməlləşdirilməsinə çalışılır.

“Biz orta məktəblərdə çalışan müəllimlərin dərs yükünün artırılması ilə bağlı nazirliyə edilən müraciətlərə müsbət yanaşırıq. Ancaq bu, öhdəlik deyil. Müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil".

Nazir bildirib ki, hazırda Azərbaycanda bir çox təhsil müəssisələrində dərs həftəsi beşgünlükdür. “Gələcəkdə məktəblərin maddi-texniki bazası möhkəmləndikcə, bu praktika da genişlənəcək”.

M.Cabbarov bu gün təhsil sistemində qalmaqalların yaradılmasında maraqlı olmadıqlarını da söyləyib:
"Təhsil sistemindəki bu və ya digər məsələlərdən bəzən reytinqlərin qaldırılması üçün istifadə olunur. Biz təhsil sistemi ətrafında qalmaqalın yaradılmasında da maraqlı deyilik. Biz təhsil sistemində keyfiyyətli işlərin marağındayıq. Bu istiqamətdə də işlər aparacağıq".

Bakıdakı 23 saylı orta məktəbin direktorunun vəzifəsindən azad edilməsinə gəlincə isə, nazir bildirib ki, qanun hamı üçün eynidir. “Hər kəs qanun çərçivəsində cəzalandırılacaq. Təhsil sistemində ciddi qanun pozuntuları baş verərsə, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində buna cavab verəcək”.

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı