Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, professor Cəmil Həsənli Avropa Parlamentində təmsil olunan Hollandiyanın D66 partiyasının deputatı, Şərq Tərəfdaşlığı Parlament Assambleyasının vitse-prezidenti Gerben-Jan Gerbrandynin və Avropa Parlamentindəki Liberal Demokratlar fraksiyası tərəfindən 3 oktyabr 2013 tarixində Avropa Parlamentində Azərbaycandakı seçkilər, insan haqlarının durumu və Azərbaycan-Avropa Birliyi münasibətlərinin perspektivi mövzusunda seminarda əsas qonaq kimi dəvət olunub. Cəmil Həsənlinin seçki qərargahının üzvü İsa Yusibova göndərilən məktubda Azərbaycandakı seçkilərin ötən seçkilərdəki qanun pozuntularını da nəzərə alaraq Avropa Parlamentinin diqqətində olduğu, Azərbaycandakı seçki öncəsi siyasi vəziyyəti müzakirə üçün Milli Şuranın vahid namizədi Cəmil bəyin Brüsselə səfərindən məmnunluq duyulacağı bildirilib.
Musavat.com-un məlumatına görə, sözügedən tədbirdə müxtəlif insan haqları təşkilatları, Avropa BirliyininQonşuluq siyasət komitəsinin üzvləri, ATƏT-in Azərbaycandakı səfiri, Avropa İttifaqı və Avropa Parlamentinin rəsmiləri qatılacaq.
Tədbirdən sonra isə Cəmil Həsənlinin və Liberal Demokratlar fraksiyasının rəhbərliyinin də iştirakı ilə beynəlxalq mətbuat üçün mətbuat konfransı keçiriləcəkdir.
Modern.az