Modern.az

Özəlləşdirmə çeklərinin müddəti bitib: Qara bazarda isə alqı-satqı davam edir

Özəlləşdirmə çeklərinin müddəti bitib: Qara bazarda isə alqı-satqı davam edir

Təhsil

19 Noyabr 2013, 09:32

Özəlləşdirmə çeklərinin istifadə müddəti uzun müddətdir ki, bitib. Buna baxmayaraq, hələ də “28 may” metrostansiyasının qarşısındakı “qara bazar”da çeklərin alış-satışı aparılır.

Xatırladaq ki, özəlləşdirmə paylarının (çeklər) istifadə müddəti üç ilə yaxındır ki, başa çatıb. Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanmışdı və bu, iki mərhələdə həyata keçirilmişdi. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-ə, 2004-cü il iyulun 1-ə, 2008-ci il yanvarın 1-ə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bundan sonra özəlləşdirmə paylarının istifadə olunması mümkünsüzdür. “Bu gün özəlləşdirmə çekləri istifadə olunmur. Çekləri heç bir müəssisənin özəlləşdirilməsi üçün lazımlı deyil. Kütləvi özəlləşdirmə başa çatıb.
“Qara bazar”dakı çek alqı-satqısı məlumatsızlıqla bağlıdır. Özəlləşdirmə paylarının yalnız 80%-indən istifadə olundu. İndi yerdə qalan həmin 20 %-in satışını həyata keçirməyə çalışırlar. Buna görə də indiki halda özəlləşdirmə paylarının satışının məhdud şəkildə davam etməsinə baxmayaraq, gələcəkdə ondan istifadə olunması mümkünsüzdür”.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, özəlləşdirmə çeklərinin vaxtı uzun müddətdir ki, bitib.

“Özəlləşdirmə çeklərinin satışının Komitəyə heç bir aidiyyəti yoxdur”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı