
Türkiyə parlamentinin tribunasından çıxış edən Hasip Kaplan Türkiyənin Azərbaycanla bağlı siyasətini tənqid edib.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu”nun müzakirəsi zamanı tribunadan söz alan millət vəkili deyib ki, "müzakirə ediləcək daha önəmli məsələlər olduğu halda, hansısa arxiv sənədini parlamentə gətiriblər".
"Çox da qardaşıq, dostuq, soydaşıq deyirik, bilməm nə deyirik. Hər şeyi söyləyirik də, onda niyə ən bahalı qazı biz Azərbaycandan alırıq?! Bu necə qardaşlıq, bu necə dostluqdur. Allah eşqinə, mənə izah edərsinizmi? Biri mənə izah etsin, mən anlamıram. Qardaş da qardaşa viza tətbiq edərmi? İqtisadi əlaqələrdə fərqli şeylərmi olur?!", millət vəkili parlament tribunasından bildirib.
Hasip Kaplan parlamentdə terrorçu PKK təşkilatının siyasi qanadı müxalifətçi Barış və Demokrasi Partiyasının (BDP) fraksiyasında təmsil olunur.
Cənab Kaplan deyib ki, bölgədə son dövrlərdə siyasi danışıqlarda intensivlik müşahidə olunur: xarici işlər naziri Əhməd Davudoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısına gedəcəyi gözlənilir, Rəcəp Tayyip Ərdoğan Amerika səfəri, Məsut Bərzani və İlham Əliyevlə görüşdükdən sonra Vladimir Putinlə danışıqlar aparıb, bölgədə enerji layihələri müzakirə edib.
"Qafqazlarda enerji layihələrinə aid protokollar imzalandığı, danışıqlar aparıldığı bir vaxtda hansısa arxiv razılaşmasını parlamentdə müzakirəyə çıxarmaq nəyə lazımdır?! Allah eşqinə, bizi, parlamenti belə şeylərlə məşğul etməyin", deyib Hasip Kaplan.
Türkiyə parlamentarisi Türkiyənin enerji sövdələşmələrinin media azadlığına da mənfi təsir etdiyini deyib.
Onun fikrincə, "medianın sahibliyini alan iş adamları enerji layihələri ilə ya Azərbaycanda, ya Bərzaninin yanında, ya İsraildə, ya da Rusiyadadırlar. Ona gorə də çıxışımı canlı yayın saatında edirəm ki, fikrimi çatdira bilim".
Hasip Kaplan təklif edib ki, xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına müxalifətçi deputatları da aparsın.
"Gedək, birlikdə Qafqaz barışını müzakirə edək" BDP-li parlamentari deyib.
//www.bbc.co.uk/azeri/region/2013/11/131129_hasip_kaplan_azerbaijan.shtml
Modern.az