Bu gün III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub.
Modern.az xəbər verir ki, yarışda 6 ölkədən 97 atlet iştirak edib.
Dörd gün davam edən ultramarafon çərçivəsində idmançılar ümumilikdə 192 km məsafə qət ediblər. Yarış Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) mərhələlərindən ibarət olub. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb.
Sonuncu mərhələdə kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlar arasında isə ukraynalı Olena Şevçenko finişə birinci çatıb.
Dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilərin mübarizəsində David Xarazişvili birinci yeri tutub. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü olub.
Qadınların yarışında Olena Şevçenko ümumi hesabda birinci yeri tutub. Rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub.
Qeyd edək ki, ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, eləcə də Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.
Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda dörd ölkədən 64 atlet 380 km məsafəni qət edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona altı ölkədən 81 idmançı qatılıb.