
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün yola düşdüyü Ukrayna səfəri ilə bağlı açıqlama verib. Modern.az-ın xəbərinə görə, İsa Qəmbər bildirib ki, bu səfəri ilə o, Kiyevdə avrointeqrasiya uğrunda fədakar mübarizə aparan Ukrayna xalqına və ictimai-siyasi qüvvələrinə Azərbaycan müxalifətinin dəstəyini ifadə edəcək.
”Ukraynaya dəfələrlə səfər etmişəm, xüsusən 2003-cü ilin dekabrında Yuşşenkonun dəvəti ilə Kiyevə getdiyim və onunla müttəfiqlik sazişi imzaladığımız, 2004-cü ilin noyabrında isə seçki saxtakarlığına möhtəşəm xalq hərəkatı ilə cavab verən ukraynalılara Maydan mitinqində çıxış edərək mövqe bildirdiyim günləri heç vaxt unutmaram. Çox gərgin, həyəcanlı günlərdi”-deyə İ.Qəmbər bildirib.
Müsavat başqanının fikrincə, indi də oxşar vəziyyət yaranıb.
”Hesab edirəm ki, yenə də fədakar xalqa, dəyərli dostlarımıza-müttəfiqlərimizə dəstək ifadə etməyimiz önəmlidir.
Amma, təəccüblüdür ki, bu günə qədər media və sosial şəbəkələrdə “müxalifət liderləri niyə Kiyevə gedib, Azərbaycan demokratik qüvvələrinin mövqeyini ifadə etmir” sualı səslənirdisə, bəziləri bu sualı konkret olaraq mənə yönəldirsilərsə, indi də deyirlər ki, İsa Qəmbər niyə Kiyevə gedir. Doğrudur, bu sualı Bakıda keçiriləcək razılaşdırılmış mitinqlə əlaqələndirərək səsləndirirlər, amma nə problem var ki? Müsavat üzvləri və rəhbərliyi Bakı mitinqinə ciddi hazırlaşıblar və iştirak edəcəklər, mitinqdə Müsavat adından Arif Hacılının çıxış etməsi nəzərdə tutulub. Milli Şura sədri Cəmil Həsənli başda olmaqla bir sıra siyasətçilər mitinqdə olacaq və çıxış edəcəklər. Bu nə həyəcandır?!
Bir tərəfdə-Kiyevdə gərgin, qarşıdurmanın miqyası və və formaları proqnozlaşdırılmayan bir gün, digər tərəfdə- Bakıda razılaşdırılmış, normal keçəcəyi ciddi şübhə doğurmayan bir mitinq gözlənilir”.
İsa Qəmbəri Kiyev səfərində Müsavat başqanının müavini Gülağa Aslanlı müşayiət edəcək.
Modern.az