
Modern.az musavat.com-a istinadən xəbər verir ki, Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Maydanda qurulmuş tribunada çıxış edib. İsa Qəmbər xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, M.Ə. Rəsulzadə irsindən danışıb. O, deyib ki, bu gün Ukraynada yalnız Ukrayna xalqının deyil, digər post-sovet ölkələri xalqlarının da taleləri həll olunur, o cümlədən də rus xalqının. İsa Qəmbər öz çıxışında vurğulayıb ki, seçkiləri iqtidarlar saxtalaşdıra bilərlər. Lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstəyi ifadə edən Müsavat başqanı "Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun", şüarı ilə çıxışını bitirib. Müsavat başqanını səfərdə müşayiət edən müavini Gülağa Aslanlı və Ukraynada yaşayan sabiq daxili qoşunlar komandanı Fəhmin Hacıyev də Maydanın baş tribunasında olublar.
***
Müsavat Partiyası İcra Aparatının məlumatına görə, İsa Qəmbərin Maydandakı 10 minlərlə ukraynalı qarşısındakı çıxışı Ukraynanın bəzi telekanallarında canlı yayımlanıb.
...İsa Qəmbər səfər çərçivəsində Amerika Respublikaçılar Partiyasının liderlərindən biri olan senator Con Makkeyn, ukraynalı məşhur müğənni, Maydan hərəkatının liderlərindən olan Ruslana, Ukrayna müxalifətinin liderlərindən olan “Udar” partiyasının rəhbəri Vitali Kliçko və başqaları ilə görüşüb.
”İsa bəy telefon danışığımızda dedi ki, burada inqilabi situasiyadır, vəziyyət hər an dəyişir”.
Modern.az