
“Quba Soyqırımı Memorialnın ikinci hissəsinin layihəsi hazırlanır. Prezident ikinci hissənin tikintisinə razılığını verib”.
Bu barədə Modern.az-a millət vəkili Vahid Əhmədov açıqlama verib. O bildirib ki, kompleksin açılışı zamanı ikinci hissənin tikintisi ilə bağlı razılığa gəlindi. “Layihənin eskizləri Prezidentə göstərildi. Həmin eskizləri Heydər Əliyev Fondundan təqdim etdilər. Prezident də ciddi şəkildə maraqlandı. Biz də təsdiq etdik ki, ikinci hissənin tikintisi mütləq lazımdır. Çünki soyqırımın əsas hissəsini qoruyub saxlamaq vacibdir. Layihənin eskizləri prezidentə göstərildi. Ölkə başçısı layihənin ikinci hissəsinin tikintisinə razılıq verdi və 2014-cü ildə işlərə başlamağın vacibliyini qeyd etdi”.
Millət vəkili onu da bildirib ki, 2014-2015-ci ildə kompleksin ikinci hissəsi tikilib başa çatacaq.
Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.
Gültəkin ƏLƏSGƏR