Hərbi yönümlü www.milaz.info informasiya portalına haker hücumu olub. Bu barədə Modern.az-a portalın baş redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, may ayının 21-dən etibarən bu hücumlar daha da güclənib, nəticədə son 2 gündə saytın yeniləşməsində ciddi problemlər ortaya çıxıb.
Ü.Cəfərov bildirib ki, hazırda portal əməkdaşları problemin yoluna qoyulmasına çalışırlar. “Bizdə olan məlumata görə, haker hücumları iki istiqamətdən – daxildən və xaricdən edilib. Haker bu hücumu intensivləşdirməklə sayta viruslar ötürməyə çalışıb” deyən Ü.Cəfərov hazırda portalla bağlı vəziyyətin nəzarət altına alındığını bildirib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk müstəqil hərbi informasiya portalı olan www.milaz.info 2007-ci ilin yayında bir qrup QHT tərəfindən yaradılıb.