Modern.az-ın məlumatına görə, Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub.
Şurada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli 25/4 saylı qərarına uyğun olaraq AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Elmi işçilərin attestasiyası 2014-cü il aprelin 4-dən 25-dək olan müddət ərzində həyata keçiriləcək.Elmi əməkdaşların attestasiyası zamanı onların 2009-2013-cü illərdəki elmi fəaliyyətlərinin nəticələri əsas götürüləcək.Sonda İnstitutun direktoru attestasiya ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilib. Şurada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 2 dissertasiya müdafiə olunub.
İradə Xalid Qızı Əliyevanın “Tiflis quberniyası azərbaycanlılarının siyasi və sosial-iqtisadi vəziyyəti (1846-1917)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada müasir dövrümüzdə də aktual olan Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi və siyasi vəziyyəti tədqiq edilib. Xədicə İsmayıl qızı Araslının “Gəncə-Qarabağ bəylərbəyliyi XVIII əsrin birinci yarısında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada Gəncə-Qarabağ bəylərbəyiliyinin ərazisi, burada yaşayan əhalinin milli və sosial tərkibi, iqtisadi həyatı tədqiq edilib. Dissertasiyada sübuta yetirilmişdir ki, Gəncə-Qarabağ bəylərbəyiliyi əhalisinin mütləq əksəriyyətini təşkil edən türk-müsəlman əhali - azərbaycanlılar bu regionun ən qədim yerli əhalisi idi. Bölgədə yaşayan xristianlar bütün əhalinin az bir hissəsini təşkil edirdilər ki, onlar da alban mənşəli yerli əhali idi.
Modern.az